Sabah saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə noyabr ayı üçün biletlər satışa çıxarılacaq.
Busaat.az bu barədə agentliyə istinadən xəbər verir.
Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə biletləri vətəndaşlar www.yolumuzqarabaga.az portalı üzərindən əldə edə bilərlər.
Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi və Bakı-Laçın reyslərinə isə biletlər onlayn qaydada https://biletim.az/ portalı üzərindən əldə edilir.
Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 1 120 reys həyata keçirilib, 34 981 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.