Əfqanıstandan Pakistana qarşı terror hücumlarının qarşısı alınmalıdır – DİN

image-taliban_efgan_mainbackend

Pakistanın Daxili İşlər naziri Rana Sanaullah dünən Bəlucistan əyalətində baş verən terror aktından sonra Əfqanıstandakı müvəqqəti Taliban hökumətinə çağırış edərək, Əfqanıstandan Pakistana qarşı terror hücumlarının qarşısının alınmasını istəyib.

Busaat.az xəbər verir ki, paytaxt İslamabadda keçirdiyi mətbuat konfransında nazir Sanaullah Pakistan Talibanı (TTP) terror təşkilatının ölkədəki fəaliyyətinin Əfqanıstandakı Taliban administrasiyasını narahat etməli olduğunu bildirib və bunun regional sülh üçün təhlükəli olduğunu vurğulayıb.

Talibanın bütün dünyaya Əfqanıstan ərazisindən terror fəaliyyətləri üçün istifadə edilməyəcəyinə dair söz verdiyini xatırladan Sanaullah, “Əgər TTP Əfqanıstandadırsa və Pakistanda terror fəaliyyətləri həyata keçirirsə, Əfqanıstan ərazisi terror fəaliyyətləri üçün istifadə olunur” – deyə, qeyd edib.

Sanaullah 5 mindən çox TTP üzvünün Əfqanıstanda ailələri ilə birlikdə gizləndiyini iddia edib.

Bəlucistandakı hücumdan sonra Sanaullah Əfqanıstandakı Taliban rəhbərliyinə müraciət edərək deyib: “Əfqanıstandan Pakistana terror hücumlarının qarşısı alınmalıdır”.

Qeyd edək ki, TTP noyabrın 28-də sosial mediada verdiyi açıqlamada mayın 10-da İslamabad administrasiyası ilə başlatdığı atəşkəsin sona çatdığını və silahlılarına ölkə daxilində təhlükəsizlik qüvvələrinə hücum əmri verdiyini açıqlayıb.

Pakistanın Bəlucistan əyalətində ötən gün polis maşınına hücum nəticəsində biri polis, 2-si uşaq olmaqla 4 nəfər ölüb, 26 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti TTP öz üzərinə götürüb.

 

Sülh danışıqları

Əfqanıstan Talibanının təklifi ilə 2021-ci ilin oktyabrında İslamabad ilə terror təşkilatı TTP arasında sülh danışıqlarına başlanılıb və bir aylıq atəşkəs elan edilib. Tərəflərin bir-birini üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə ittiham etməsindən sonra danışıqlar prosesi pozulub.

Bu ilin aprelində yenidən başlayan danışıqlardan sonra Pakistan və TTP mayın 10-da atəşkəs haqqında razılığa gəlib. Bununla belə, təhlükəsizlik mənbələri sözügedən atəşkəsin kövrək olduğuna dair açıqlamalar verib.

TTP 2007-ci ildə 13 təşkilatın birləşməsi nəticəsində yaranıb və o vaxtdan Pakistanda mülki şəxsləri və əsgərləri hədəf alan hücumlar həyata keçirib.

Pakistanın terror təşkilatı TTP-yə qarşı keçirdiyi hərbi əməliyyatlarda 2014-cü ildən bu yana 5 mindən çox təşkilat üzvü öldürülüb, 700-dən çox Pakistan əsgəri həyatını itirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90