“Artıq Azərbaycanın antiterror əməliyyatları və və qazandığı növbəti zəfərdən sonra Qarabağdakı qondarma rejimin özünü buraxması labüd bir məsələ idi. Təbii ki, burada Azərbaycanın qələbəsindən sonra bunun hansısa bir əksi də düşünülə bilməzdi. Bütövlükdə son baş verən hadisələr bir daha Azərbaycanın nə qədər güclü və qüdrətli bir dövlət olduğunu ortaya qoymuş oldu. Azərbaycan əleyhinə böhtanlar yağdıran, ölkəmizin suveren ərazi bütövlüyünü və eyni zamanda, Azərbaycan konstitusiyasını şübhələndirən, ölkəmizə qarşı cinayətkar çağırışlar edən qondarma qurumun “keçmiş dövlət naziri” Ruben Vardanyanın həbs edilməsi, onun ardınca qondarma qurumun “rəhbər”inin müşaviri və keçmiş “daxili işlər naziri” kimi özünü təqdim edən David Babayan adlı daim beynəlxalq informasiya məkanında Azərbaycan əleyhinə böhtanlar yağdıran bir adamın təslim olması, həmçinin Birinci Qarabağ müharibəsində Azərbaycan xalqına qarşı müstəsna qəddarlıqlar və cinayətlər törədən adamların bir-bir ölkəmizin qanunları qarşısında cavab verəcəyi günün gəlib yetişməsi bir daha onu göstərir ki, Azərbaycanın qazandığı qələbə regiona böyük bir yeniliklər gətirməklə yanaşı, həm də beynəlxalq hüquq baxımından ədalətsizliyin aradan qalxmasına səbəb olur. Çünki, 30 il ərzində xalqımızın başına gətirilmiş faciələr, soyqırımlar və eyni zamanda, ölkəmizin ərazisinin ortasında hərbiləşdirilmiş bir zona yaratmaq cəhdləri və bunun nəticəsində separatçılığı təşviq edərək Qarabağda ikinci bir erməni dövləti yaratmaq eşqinə düşənlərin addımlarına praktik olaraq heç kim qarşı çıxmırdı”.
Bu fikri Busaat.az-a siyasi ekspert Tural İsmayılov açıqlmasında bildirib.
T. İsmayılovun fikrincə, bu gün Azərbaycan əleyhinə küy qoparmağa çalışan beynəlxalq təşkilatların bütün təzyiqləri və eyni zamanda, ölkəmizin bu haqq işini yerinə yetirdikdən və ərazi bütövlüyümüzü bərpa etdikdən sonra Azərbaycan əleyhinə dezinformasiya kampaniyalarını dayandırmamağı onu göstərir ki, Azərbaycanın qələbəsi sözün əsl mənasında dünyadakı erməni faşizminə və həmin o erməni faşizmini türk dünyasına qarşı təşviq edənlərə böyük bir zərbə vurub.
“Əlbəttə ki, artıq Xankəndi ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası Azərbaycan dövlətinin əsas hədəflərindən biridir. Bu konteksdə qondarma qurumun özünü buraxmaqdan başqa heç bir yolu yox idi. Təbii ki, bundan sonra orada Azərbaycan dövlətinin atributlarının bərpa edilməsi, Xankəndidə Azərbaycanın idarəçiliyinin yavaş-yavaş formalaşdırılması işlərinə baxılacaq. Hesab edirəm ki, artıq cari ilin son 2-3 ayında da reinteqrasiya ilə bağlı məsələlər mərhələli şəkildə həyata keçiriləcək. Bundan sonra bir daha Azərbaycan ərazilərində hər hansı qondarma qurum adı altında növbəti terror təxribat yuvaları olmayacaq”, – ekspert vurğulayıb.