Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan noyabrın 28-29-da Finlandiyanın xarici işlər naziri Elina Valtonenin dəvəti ilə Helsinkidə səfərdə olacaq.
Bakıvaxtı.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, nazirlər Ermənistan və Finlandiya, o cümlədən Ermənistan və Avropa İttifaqı arasında münasibətləri, Finlandiyanın ATƏT-ə qarşıdakı sədrliyi və regional məsələləri müzakirə edəcəklər.
“Finlandiya ilə Ermənistan arasında yaxşı ikitərəfli münasibətlər qurulub. Xarici işlər naziri Mirzoyanın səfəri daha sıx əməkdaşlığı müzakirə etmək imkanı verəcək. Finlandiya Ermənistanın Avropa İttifaqına yaxınlaşmaq səylərini qətiyyətlə dəstəkləyir və ölkəni demokratik inkişaf yolunda davam etməyə təşviq edir”, – açıqlamada vurğulanıb.
Ermənistan xarici işlər naziri Finlandiyaya səfəri zamanı həmçinin ölkə prezidenti Aleksandr Stubb, parlamentin spikeri Jussi Halla-Aho və Avropa işləri və dövlət şirkətlərinin idarə olunması naziri Joakim Strand ilə də görüşəcək.
Zeyd Bağırzadə