“Bu gün də cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələri təxribat törətməyə cəhd ediblər”.
Busaat.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan Ordusu tərəfindən təxribatların qarşısı alınıb:
“Beynəlxalq ictimaiyyətin ölkəmizə olan dəstəyi də Prezident İlham Əliyevin bildirdiyi kimi uzun illər ərzində qurulan diplomatik münasibətlərin nəticəsidir.
Ermənistan Azərbaycana qarşı informasiya müharibəsinə başlayıb. Buna cavab olaraq Prezident İlham Əliyev sentyabrın 27-dən noyabrın 2-dək beynəlxalq və nüfuzlu media orqanlarına 24-dən artıq müsahibə verib. Bəzi müsahibələr bir və ya iki saat davam edib. Prezident İlham Əliyev bununla da Azərbaycan həqiqətlərini dünyaya çatdırıb. Ermənistan rəhbərliyi də cənab Prezidenti imitasiya etməyə çalışır.
Prezident İlham Əliyevin müsahibələrində provokativ suallar da olub. Dövlət başçısı buna baxmayaraq medianın azadlığına hörmətlə yanaşaraq bütün sualları cavablandırıb.
Dünya mətbuatında Azərbaycanın haqq savaşını ədalətli, obyektiv yayımlayan media qurumları Ermənistan lobbisi tərəfindən təzyiqlərə məruz qalır və hətta jurnalistləri fiziki məhv etməklə hədələyirlər”.