Ermənistanda yeni hakimiyyət xunta rejimindən heç də fərqlənməyəcək-TƏHLİL

image-pasikbackend

Paşinyan hakimiyyətə gələndən bu günə qədər onun haqqında yanılmamışam. Paşinyan siyasi xəttinə görə, Azərbaycana sərf edir, həm də Ermənistanı münaqişədən uzaqlaşdırıb, qonşuları ilə əməkdaşlıq edərək irəli aparmaq baxımından Ermənistana da sərf edir. Paşinyana alternativ axtaranda yada salmaq lazımdır ki, 1992-93-ci illərdə Azərbaycanın başına oyun açanlar Rusiyanın da diqtəsi ilə Qarabağ klanı-Koçaryan, Sarkisyan və digərləri olmuşdu. Bu gün də yeni alternativ Qarabağ klanının siyasi xəttindən heç də fərqlənməyəcək.

Qarabağın 80 faizini geri qaytarmağımız da Paşinyan hakimiyyəti dövrünə düşdü. Təbii ki, işğalçı rus imperiyası olmasaydı, Qarabağı tamamilə də geri qaytara bilərdik. Əl qərəz, bu gün Paşinyanın Rusiyadan üz döndərməsi ilə Kremlin təlimatı əsasında ordunun hərəkətə keçməsi, həm də bizi gözləyən təhlükədir. Çünki Rusiyanın “barmağı” olmasa, Ermənistan özbaşına hərəkət edə bilməz. Və Paşinyan artıq bu asılılıqdan Ermənistanı çıxarmaq istəyir.

Rusiyanın Cənubi Qafqazda Gürcüstandan sonra Ermənistanda da “belinin qırılması”, Azərbaycanın da Türkiyə ilə münasibətlərinin artan xətt üzrə inkişaf etməsi bizim də Rusiyadan qopmağımıza vüsət yarada bilər. Ən azından, siyasi asılılıq və Yuxarı Qarabağda qalan problemlər baxımından işimizə yaraya bilər. Əks halda, Rusiyanın istəyi ilə Ermənistanda çevriliş olsa, Qarabağ klanına-xunta rejiminə bənzər bir rejim Ermənistan hakimiyyətini ələ keçirsə, bu, bizə qətiyyən sərf etməyəcək. Çünki Paşinyan Ermənistanın gələcəyinin Türkiyə və Azərbaycanla münasibətləri bərpa etməkdən keçdiyini yaxşı bilir, Rusiyaya isə bu sərf etmədiyi üçün yeni hakimiyyət bu planı alt-üst edəcək.

Bu baxımdan, Paşinyanın hakimiyyətdə qalması Rusiyaya sərf etmədiyi qədər Ermənistana və Azərbaycana sərf edir. Hər kəs bilir ki, düşmənçilik müharibədən başqa çıxış yolu qoymur. Müharibə isə həm də bəşəriyyətə qarşı törədilən bir cinayətdir ki, işğalçı ölkələr bu cinayətə sevə-sevə imza atırlar. Biz də ölkəmizə qarşı törədilən işğal və cinayətlərə son qoymaq üçün çalışmalı və buna görə hərəkət etməliyik.

Ona görə də Paşinyanın hakimiyyətdə qalmasını ən azından istəməli, manukunyan və koçaryanların Ermənistan hakimiyyətini ələ keçirmələrinə razı olmamalıyıq.

Müəllif: Mərahim Nəsib
Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90