Ermənistanla İraqın əməkdaşlıq sazişi: “İraq bu addımı ilə…”

image-iraq-ermenistanbackend

Ermənistan və İraq müdafiə nazirləri iki ölkə arasında hərbi əməkdaşlıq barədə razılaşma imzalayıblar. Tərəflər arasında ümumilikdə 13 sahədə razılaşmaya imza atılıb. İraq nümayəndə heyəti həmçinin “erməni soyqırımı” abidəsini ziyarət ediblər.

Maraqlıdır, müsəlman bir ölkənin belə bir addım atmasını necə dəyərləndirmək olar? Bu razılaşmanın mərkəzində başqa hansı məqamlar dayana bilər və Azərbaycan üçün hansı mənfi tərəfləri ola bilər?

Mövzunu Busaat.az-a dəyərləndirən politoloq Tural İsmayılov hələ 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın bəzi ərəb ölkələrindən lazımlı reaksiya ala bilmədiyini bildirib: “Belə ki, həm İslam Əməkdaşlığı Təşkilatına daxil olan ölkələrin bir çoxu Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, haqlı savaşında yanında yer alsa da, həm də bir çox beynəlxalq qurumlar Azərbaycanın haqlı mövqeyini dəstəkləsə də əhalisinin əksəriyyəti müsəlman olan bəzi ölkələrdən Azərbaycan adekvat reaksiyanı görə bilmədi. İraq dövləti isə uzun illər ərzində istər qardaş Türkiyə, istərsə də digər müsəlman ölkələri ilə öz münasibətlərini səmimi məcrada inkişaf etdirə bilməyən bir dövlətdir. Son olaraq da İraqın Ermənistanla hərbi sahədə əməkdaşlıqla bağlı razılığa gəlməsi, İraqın müdafiə nazirinin Ermənistana səfəri və Ermənistanın müdafiə naziri ilə görüşməsi açıq şəkildə müsəlman dünyasında vəhdət və birlik anlayışına qarşı çıxan növbəti siyasətin təzahürüdür”.

“Düşünürəm ki, başda Azərbaycan və Türkiyə olmaqla digər müsəlman ölkələri də İraqın atdığı bu addıma qarşı sərt mövqeyini ortaya qoymalıdır. Çünki əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan bir ölkənin müdafiə nazirinin Ermənistana səfər edib, hərbi sahədə əməkdaşlıqla bağlı açıqlama verməsi ikiüzlülük təsiri bağışlayır və İraq bu addımı ilə Azərbaycan kimi geostrateji mövqeyə malik olan mühüm bir ölkə ilə münasibətlərini korlayır. Təbii ki, bu münasibətlərin korlanması da İraqın gələcəyi üçün yaxşı heç nə vəd etmir”-deyə, politoloq vurğulayıb.

image-tural-ismayilov

Onun sözlərinə görə, ordusu darmadağın olmuş Ermənistanın hərbi sahədə İraqa verə biləcəyi heç nə ola bilməz: “Məlum olduğu kimi, Ermənistan hal hazırda təcrid olunmuş vəziyyətdədir, ordusu və hərbi gücləri darmadağın olmuş durumdadır. Yəni, Ermənistanın hərbi sahədə İraqa verə biləcəyi heç bir tövhə olmadığı halda, açıq şəkildə Türkiyə və başqa qüvvələrə acıq vermək xatirinə Ermənistana belə bir səfərin gerçəkləməsi, İraqın özünün siyasi və hərbi dairələri üçün neqativ perspektivlər vəd edir. Düşünürəm ki, elə bu səfər də məhz bu məqsədə xidmət edir. Hesab edirəm ki, bundan sonra da İraqın həm hərbi sahədə, həm də digər sahələrdə Ermənistanla hansısa ciddi addımlar atacağını düşünmürəm. Çünki nə İraq, nə də Ermənistan dünya arealında hərbi sahədə hansısa gücə və mövqeyə malik ölkələr deyillər”.

Müəllif: Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90