Əziz Əliyev ingilis kəşfiyyatınının planlarını necə pozdu?-Şok faktlar

image-1207-1backend

İkinci Dünya Müharibəsi ərəfəsində strateji ərazilərin ələ keçirilməsi üçün dünya dövlətləri açıq savaşa başlamışdılar. Böyük neft ehtiyyatlarına malik İranda siyasi vəziyyətin kəskinləşməsindən istifadə edən Hitler Almaniyası, həmçinin İngiltərə vəziyyəti dəyərləndirmək və neftlə zəngin İranı ələ keçirtmək üçün çalışırdılar. İranda şah hökuməti Almaniya ilə gizli danışıqlara başlamışdılar. Bu danışıqların başlanmasına səbəb isə İran rəhbəri Rza şahın özünəməxsus planınından irəli gəlirdi. Almaniyanın millətin «ariliyi» haqqında təbliğatından ruhlanan, Rza şah artıq Sovet Azərbaycanı və Orta Asiya ərazilərinə iddialar səsləndirirdi. Rza şah açıq şəkildə bildirirdi ki, İran qədim «arilərin» yaşadığı ərazidir, guya bu «arilər» mühacirət edib alman tayfalarını yaradıblar. Almaniya hökuməti ilə gizli sövdələşməyə gedən Rza şah SSRİ-nin xarici işlər üzrə xalq komissarına 17 may 1940-cı il tarixdə 643 saylı nota göndərdi. Bu notada Azərbaycan SSR-i «Qafqaz Azərbaycanı» adlandırılırdı. İran şah hakimiyyətinin SSRİ-yə qarşı açıq şəkildə ərazi iddiasına başlaması, sovet hökumətinin hərəkətə keçməsinə səbəb oldu. Sovet höküməti İngiltərə ilə razılığa gələrək İrandakı vəizyyəti müzakirə etdilər.

SSRİ-nin xüsusi xidmət orqanları İran şahı əleyhinə qüvvələrin yaradılması məqsədilə məlumat toplamağa başladı. Sovet hökuməti yeni planında İran əhalisinin böyük hissəsini təşkil edən azərbaycanlılardan istifadə etməyə qərar verdi. 1941-ci ilin yanvarında Cənubi Azərbaycan və İran Kürdüstanı haqqında 211 səhifəlik texniki-iqtisadi informasiya hazırlandı.

1941-ci ilin martında Mircəfər Bağırov Stalinə «Cənubi Azərbaycan haqqında qısa arayış» göndərdi. Göndərilən arayışda İranda azərbaycanlılara qarşı şah hökumətinin qəddarlıq etdiyi, azad fikirli insanların fars rejimi tərəfindən həbs edildiyi, güllələndiyi bildirilirdi.
Sovet hökuməti İranda azərbaycanlıları və kürdləri xilas etmək adı altında İrana qoşun yeritmək haqqında qərar verdi.

1941-ci ilin iyunun 22-də SSRİ ilə Almaniya arasında müharibə başladıqdan sonra Zaqafqaziyada dislokasiya olunan 17-ci ordu İran sərhədlərinə doğru hərəkət etməyə başladı. Sovet qoşunları İran ərazisinə daxil olmasını, hər iki dövlət arasında bağlanan müqaviləyə əsaslandırdı.
Belə ki, İran və Sovet Rusiyası arasında 1921-ci ildə bağlanan müqaviləyə əsasən, Sovet rəhbərliyi ölkənin təhlükəsizliyini nəzərə almaqla İran ərazisinə qoşun yeridə bilərdi. Sovet hökuməti mümkün müdaxilə haqqında bəyanət verdi. İngiltərə də İran körfəzi tərəfdən, Ərəbistan sahillərində yerləşən müstəmləkələrdən öz qoşunlarını İran ərazisinə göndərdi. O zaman baş nazir olan Fürudi ingilis qoşunlarının İranda yerləşməsi haqqında saziş imzaladı. Bu faktiki olaraq İranda hakimiyyət dəyişikliyi demək idi. Cəmi bir neçə gün sonra 16 sentyabr 1941-ci ildə Rza şah hakimiyyətdən uzaqlaşdırıldı və onun yerinə oğlu Məhəmməd Rza Pəhləvi keçdi. Artıq İran faktiki olaraq meydanda tək qalmışdı. İngilis və rus qoşunları cənubdan və şimaldan Tehrana daxil oldular. İranın xarici işlər naziri Süheyli diplomatik kanallarla iran səfirliklərinə ingilisyönlü siyasət aparmağı tapşırdı. Sovet rəhbərliyi azərbaycanlıları, yoxsa kürdləri dəstəkləmək dileması qarşısında qalmışdı. Belə vəziyyətdə sovet hökumətinin köməyinə Mircəfər Bağırov çatdı. Onun təklifi ilə sovet hökuməti İranda azərbaycanlılara dəstək verəcəyinə söz verdi.

1941-ci il sentyabrın 9-da Stalin Mircəfər Bağırova bir günlük Moskvaya gəlmək barədə tapşırıq verdi. Həmin görüşdə Bağırov öz təkliflər layihəsini Stalinə təqdim edir. Bu təklifə əsasən, KP MK-nın katibi Əziz Əliyev Cənubi Azərbaycana yollanacaq partiya qrupunun rəhbəri olacaqdı. Stalin Bağırovun bu layihəsini təsdiq edir.

Sözügedən qrupun üzvülüyünə Süleyman Rəhimov, Mehbalı Əmiraslanov, Ağasəlim Atakişiyev, Mustafa Quliyev, Mirzə Ġbrahimov daxil edilir. Hərbi şuranın qərarı və Zaqafqaziya ordusu komandanının əmri ilə sentyabrın 16-da polkovnik-komissar Əziz Əliyev Təbrizə daxil olan 47-ci ordunun Hərbi şurasının üzvü seçilir. Müəyyən vaxtdan sonra M. Bağırov Əziz Əliyevin qrupundan informasiya alır və 1941 -ci ilin sonlarına qədər Cənubi Azərbaycandakı vəziyyət barəsində Stalinə məlumat verir. Lakin Əziz Əliyevin İranda apardığı işlər müəyyən qüvvələrin xoşuna gəlmirdi. Əziz Əliyevin apardığı işlər nəticəsində İngiltərənin dayaqları Tehranda zəifləyirdi. Məhz Əziz Əliyevin apardığı işlər nəticəsində ingilis kəşfiyyatının planı aşkar edilmiş, onların İranın neftlə zəngin əraziləri tutmaq üçün çalışdığı kürdlər özləri ingilislərin planını sovet rəhbərliyi çatdırmışdılar. İngilis kəşfiyyatının əsas planı sovet hökumətinin Yaxın Şərqə çıxmaq yolunu bağlamaq idi. Lakin bu planın bütün detalları məhz Əziz Əliyev tərəfindən aşkar edildi.

Bir müddətdən sonra Əziz Əliyevlə SSRİ-nin İrandakı səfiri A.Smirnov arasında fikir ayrılıqları yarandı. Bu fikir ayrılıqları Əziz Əliyevin sovet qarnizonunun rəhbərliyinə məktub yazmasından sonra baş verdi. Həmin məktubda o yerli əhalidən, yəni azərbaycanlılardan silahların yığılmasını dayandırmağı tələb edirdi. A.Smirnov buna görə Moskvaya məktub yazır və Ə.Əliyevi millətçi kimi xarakterizə edirdi. M.Bağırov xarici işlər XK-nin müavini Dekazanovla əlaqə saxlayaraq, Ə.Əliyevi müdafiə etməyə başlayır. Əziz Əliyevin silahların yığılmasına qarşı çıxmasına səbəb, burada olan silahlı kürdlərin aktivləşməsi idi. Əziz Əliyevin təklifi nəzərə alınır və silahınyığılması dayandırılır.
24 oktyabr 1941-ci ildə Əziz Əliyev M.Bağırova «Cənubi Azərbaycan haqqında hesabat» göndərir və burada yazır: «Məktəblərdə dərslər fars dilində aparılır, yerli azərbaycanlılar türk dilində təhsil almaq istəyirlər, buna görə də «Vətən yolunda» qəzetinin buraxılması azərbaycanlılarda böyük sevinc doğurmuşdur».

Böyük Vətən Müharibəsinin ən çətin dönəmində olduğu üçün Sovet hökuməti İrandakı maraqlarından geri çəkildi. Hökumət müharibədən sonra yenidən İran siyasətinə baxacağını açıqladı. Lakin İranda olan sovet qoşunlarını orada saxladı. İranda gördüyü işlər görə hökumət Əziz Əliyevin daha yüksək vəzifəyə təyinatını təsdiq etdi. Əziz Əliyev Mircəfər Bağırovun Stalinə təqdimatı əsasında Dağıstan partiya komitəsinin I katibi təyin edildi.

SSRİ-nin İran siyasəti öz bəhrəsini verdi. 1944-cü ildə Almaniya ilə müharibədə qələbənin yaxında olduğuna əmin olan Sovet höküməti yenidən İran siyasətinə baxdı. Aparılan işlər nəticəsində sovet hökuməti İranın neftlə zəngin ərazilərinin bir hissəsini ələ keçirtdi.

Qoşqar Salmanlı

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90