Fərid Şahbazlı: Laçın Hava Limanı müstəqilliyimizin simvoluna çevrilib

image-xewzao1e6wlxs4hivadtormwesdhxe91r6phn1mh_1200backend

“Laçın Beynəlxalq Hava Limanının açılışı və Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli Zirvə görüşü təkcə regional deyil, qlobal miqyasda əhəmiyyət daşıyan hadisədir. Azərbaycan 28 May – Müstəqillik Günü kimi mühüm tarixi simvolizm daşıyan bir gündə Laçın kimi strateji ərazidə beynəlxalq statuslu hava limanı açaraq, öz suverenliyini və siyasi gücünü bir daha nümayiş etdirdi. Bu, təsadüfi tarix və təsadüfi coğrafiya deyil. Bu, planlı şəkildə həyata keçirilən güclü siyasi iradənin nəticəsidir”.

Busaat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, Türkiyə və Pakistan kimi dünyada mühüm hərbi-siyasi çəkisi olan dövlətlərin liderlərinin də həmin gün Laçında Azərbaycan Prezidenti ilə birlikdə olması, Azərbaycanın bölgədə formalaşdırdığı yeni siyasi arxitekturanın göstəricisidir.

“Azərbaycan bu gün regionda sadəcə iştirakçı deyil, prosesləri diktə edən əsas aktordur. Laçın Hava Limanı təkcə bir nəqliyyat qovşağı deyil, Azərbaycanın milli maraqlarını təmin edən strateji mövqeyinin təsdiqidir. Bu hadisə göstərdi ki, bu coğrafiyada Azərbaycanın razılığı olmadan heç bir regional layihə və ya siyasi təşəbbüs həyata keçirilə bilməz”, – deyə siyasi şərhçi vurğulayıb.

Fərid Şahbazlı qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən bu layihələr Azərbaycanın strateji baxışını, davamlı inkişaf yolunu və regionda sabitliyi təmin edəcək təşəbbüslərini bir daha sübut edib

“Laçın Hava Limanı bu gün yalnız təyyarələrin enib-qalxdığı bir obyekt deyil. Bu, Azərbaycanın müstəqilliyinin, gücünün və geosiyasi iradəsinin təntənəsidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki