Fransada davam edən tətillər enerji sektoruna mənfi təsir göstərir

image-frabackend

Fransada enerji böhranına baxmayaraq, bəzi atom elektrik stansiyaları və neft emalı zavodları tətillər səbəbindən fəaliyyətini dayandırmağa məcbur olub.

Rusiya-Ukrayna müharibəsi səbəbiylə Avropada təbii qaz və elektrik enerjisinin qiymətinin sürətlə artması ciddi böhrana səbəb olub.

Busaat.az xəbər verir ki, Fransada vəziyyət daha gərgin olaraq qalır. Xüsusilə enerji sektorunda davam edən tətillər ölkənin enerji təchizatı təhlükəsizliyini təhlükə altına qoyub.

Belə ki, ölkənin ən böyük həmkarlar ittifaqının çağırışı ilə neft emalı zavodunun işçiləri sentyabrın sonunda tətil etmək qərarına gəliblər. Fəhlələr yüksək inflyasiya və yüksək xərclər fonunda maaşların 10 faiz artırılmasını tələb ediblər.

Davam edən tətil ölkədəki əksər neft emalı zavodlarına mənfi təsir göstərir.

Fransada TotalEnergies-ə məxsus 6 neft emalı zavodundan 3-də və Esso-ExxonMobil şirkətinə məxsus 2 neft emalı zavodunda işçilər tətil elan ediblər.

Tətillərin genişlənməsi ilə ölkənin yanacaqdoldurma məntəqələrinin əhəmiyyətli bir hissəsində yanacaq qıtlığı yaranıb.

Neft emalı zavodu işçilərinin tətilinin bu həftə də davam edəcəyi gözlənilir.

 

Atom elektrik stansiyasının işçiləri də tətilə çıxıblar

Fransada yanacaq və neft emalı zavodu işçilərinin bu həftə davam etdirdiyi tətilə Atom Elektrik Stansiyasının işçiləri də qatılıb. Bəzi atom elektrik stansiyalarının işçiləri maaşlarının artırılmasını tələb edərək tətil aksiyasına başlayıblar.

Gravelines Atom Elektrik Stansiyasının işçiləri maaşların yaxşılaşdırılması tələbi ilə tətilə çıxıblar. Tətillə əlaqədar olaraq elektrik stansiyasında iş və elektrik enerjisi istehsalı dayanıb.

Fransanın şimalındakı Dunkerk şəhəri yaxınlığında yerləşən Gravelines elektrik stansiyası 1980-ci ildə istifadəyə verilib. Ümumilikdə 6 reaktor və 5460 meqavat-saat istehsal gücü ilə bu elektrik stansiyası Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasından sonra Avropada ikinci ən güclü atom elektrik stansiyasıdır. 1700 nəfərin çalışdığı Gravelines ölkə elektrik enerjisinin 8 faizini istehsal edir.

Atom elektrik stansiyalarına da sirayət edən tətilin ölkənin elektrik enerjisi istehsalına mənfi təsir göstərəcəyi gözlənilir.

Fransada enerji böhranı zamanı təmir işlərinin təxirə salınması səbəbindən elektrik enerjisinə ən çox ehtiyac duyulan qış mövsümündə elektrik enerjisi istehsalında böyük fasilələr gözlənilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki