Günün qəhrəmanları – “Z”-yə “X” çəkənlər! – TƏHLİL

image-7backend

Dünyaya faciələr bəxş edən, qonşuluğunda və bəzi uzaq ölkələrdə qana səbəb olan bir ordu var – Rusiya Ordusu!

Bu ordu özünü “Z” hərfi ilə sinvollaşdırıb və bundan sonra Ukrayna kimi böyük bir ölkəni işğala başlayıb. Ukraynanın işğalından əvvəl də “Z” ordusu fərqli ölkələrdə əməliyyatlar həyata keçirib. Bütün bu əməliyyatlar imperializm məqsədlərinə xidmət edib. Rusiya öz məqsədləri barədə danışarkən, hər nə qədər Suriyada “terrorizmə qarşı”, Liviyada “xalqı qorumaq üçün”, Azərbaycanda “sülhməramlı məqsədləri təmin etməkdən ötrü” varıq desə də, əslində bütün bu nöqtələrdə qan və faciələrin əsas səbəbkarlarından biri elə Rusiya imperializmidir.

Dünən yaşananlar – Azərbaycan QHT nümayəndələrinin dinc aksiyası da məhz Rusiya imperializmə qarşı Azərbaycan xalqının haqq səsinin təcəssümü idi. Əgər bölgədəki sülhməramlı missiya öz fəaliyyətini düzgün şəkildə yerinə yetirmiş olsa idi, o halda bu kimi aksiyalara ehtiyac qalmayacaqdı.

Gəlin baxaq:

Sülhməramlıların əsas vəzifəsi nədən ibarətdir?

Sülhməramlıların əsas vəzifəsi Azərbaycanın Qarabağ İqtisadi Rayonunda yaşanan seperatizm fonunda bölgədə yaşayan etnik ermənilər və seperatçı qruplaşmalar ilə yaşanacaq hərbi qarşıdurma risklərini aradan qaldırmaq və bölgənin sülh şəraitində Azərbaycan suverenliyinə inteqrasiyasında faydalı olmaqdır.

Bəs sülhməramlılar əslində nə edir?

-Dəfələrlə Ermənistan, Rusiya, İspaniya, Fransa vəs. bu kimi ölkələdən müxtəlif şəxslər qeyri-qanuni yollarla, Azərbaycanın icazəsi olmadan Qarabağın sülhməramlıların nəzarətində olan hissələrinə səfər edib və təxribatlar törədib. Sülhməramlılar isə, bu təxribatların qarşısını almayıb.

-İrandan terrorçuların bölgəyə rahat şəkildə girdiyi hamıya məlumdur.

-Qarabağda ruslaşdırma siyasəti aparılıb və sülhməramlılar bu siyasətin təşkilatçısı olub.

Məhz bu kimi səbəblər Azərbaycan xalqının səbr kasasını daşırmağa kifayət edən məsələlərdir. Dünən yaşanan aksiya bu təxribatların məntiqi sonluğu idi. Qarabağda davam edən rus imperializmi özünü “sülhməramlı” maskası altında gizlətsə də, artıq bu maska cırılıb və bütün üzlər hamıya bəlli olacaq şəkildə açılıb.

Rusiyanın isə, Qarabağda planları çoxdan bizə məlumdur…

Rusiya 200 ildir davam edən, Qarabağda xristian-erməni dövləti qurub, bununla da bölgədə Rusiyanın təsir dairəsini genişləndirmək siyasətindən imtina etmir. Özünün xaotik çöküşündə, Azərbaycan və Türkiyəyə möhtac vəziyyətində belə Rusiya Azərbaycana qarşı davam edən təcavüzkar siyasətindən əl çəkmir. Hər halda, nüvə silahının verdiyi rahatlıqdır ki, Rusiya onun son nəfəsliyi sayılan Azərbaycan-Türkiyə ittifaqına üzünü döndərir və bölücü addımlarını davam etdirir.

Bu isə, Rusiyanın anti-Azərbaycan qərarlarının və siyasətinin davam etməsi halında ciddi təhlükələrin carçısıdır.

Bəli, Rusiya ilə Azərbaycanın qarşıdurması xaosla bitəcək. Əmin ola bilərik ki, Azərbaycan-Rusiya qarşıdurması, həm də Türkiyə-Rusiya qarşıdurması deməkdir ki, bu halda hər iki tərəfin Qərb və Çin təhlükəsinə qarşı güc itkisi yaşanacaq. Yəni Rusiyanın imperial sərgüzəştləri davam edərsə, o, özünü Ukraynadan sonra daha ciddi münaqişəyə sürükləyəcək. Təbii, Azərbaycan üçün də ciddi risklər mövcuddur…

Bütün bunları nəzərə alan rəsmi Bakı həm 2022-ci ildən öncə, həm də tarixi zəfərdən sonra Rusiyanın nazı ilə oynayır. Belə demək mümkündürsə, “təcavüzkarı sakitləşdirmək” xətti ilə davam edir. Rəsmi Bakı 3 ildir ki, işğal dövründə işğala dəstək verən Rusiyanın, işğalın bitməsindən sonra sülhməramlı qismindəki təxribatlarına göz yumur. Bakı çalışır ki, Rusiya və Azərbaycan arasındakı diplomatik münasibətlər xaos və qarşıdurmaya çevrilməsin, hadisələr hər iki dövlətin inkişafına səbəb versin. Ancaq Rusiya Azərbaycanın bu nəzakətini qorxaqlıq olaraq başa düşmüş olmalıdır ki, özünün daha zəif vaxtında, özünün daha ağır itkilərlə üzləşəcəyi qarşıdurma risklərini artırır və anti-Azərbaycan addımlarında qətiyyətlə davam edir.

Hadisələrin bu yerində Azərbaycan qarşıdurmadan kənar yollar axtarmalı, ancaq paraleldə gücünü göstərməlidir. Bunun üçün ən effektiv yol Qarabağda Azərbaycan Daxili İşlər Nazirliyinin fəaliyyət mexanizmlərini hazırlamaqdır. Çünki Azərbaycan Müdafiə Nazirliyinin bölgəyə müdaxiləsi Azərbaycan-Rusiya hərbi qarşıdurması risklərini artırır. Ancaq rəsmi Bakı özünün suveren əraziləri olan və sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycanın daxili sabitliyindən məsuliyyətli olan bir qurumun – Daxili İşlər Nazirliyinin, yaxud birbaşa Daxili Qoşunların gücündən istəfadə edə bilər. Bu addım həm qarşıdurma risklərini müəyyən qədər azaldır, həm də sülhməramlı adı altında maskalanmış imperializm üzərində nəzarət mexanizmi formalaşdıracaq.

Rəsmi Bakı yaxın zamanlarda bölgədə Daxili İşlər Nazirliyinin (və ya Daxili Qoşunların) yerləşdirilməsi üçün müvafiq addımlara başlaya bilər. Bu isə, yuxarıda qeyd etdiklərimlə yanaşı Qarabağda yaşayan ermənilərin inteqrasiyası prosesində də effektiv nəticələr vəd edir. Digər tərəfdən, bununla bölgədə Azərbaycanın nəzarət mexanizmlərinin formalaşması prosesi başlamış olacaq.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki