Heydər Əliyev Beynəlxalq Aeroportu Gürcüstanın “Georgian Wings” aviaşirkətinin ilk reysini qəbul edib.
Bu barədə Busaat.az-a Aeroportun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Tbilisi-Bakı marşrutu üzrə baş tutan ilk reysdə uğurla eniş edən Gürcüstan aviadaşıyıcısının təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb.
Bu münasibətlə aviaşirkətin nümayəndələri, Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin iştirakı ilə mərasim keçirilib. Mərasimdə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib ki, Bakı aeroportu beynəlxalq tərəfdaşlıq əlaqələrinin davamlı inkişafına və genişlənməsinə sadiqdir və bu marşrutun istifadəyə verilməsi iki ölkə arasında turizmin, biznesin və mədəni mübadilənin inkişafı üçün daha da geniş imkanlar açır.
“Georgian Wings” aviaşirkətinin baş direktoru Edison Pipia isə rəhbəri olduğu şirkətin ilk reysinin Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu enişini qeyd etməkdən qürur duyduğunu ifadə edib:
“Bu mühüm məqam Gürcüstanla Azərbaycanın yaxın dost və qonşu ölkələr olduğunu bir daha göstərir. Bu marşrut bizə ölkələrimiz arasında turizm, biznes və mədəni mübadiləni inkişaf etdirmək üçün sonsuz imkanlar açır. Müntəzəm reyslər bu həftədən etibarən ATR72-500 təyyarələri ilə başlayıb və Tbilisi ilə Bakı arasında rahat uçuşlar həyata keçiriləcək. Yeni üfüqlər açmaq və tərəfdaşlığımızı gücləndirmək üçün biz hər kəsi “Georgian Wings”in göyərtəsində gözləyirik”.
Qurum bildirir ki, “Georgian Wings” Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə həftədə üç dəfə: çərşənbə, cümə və bazar günləri müntəzəm uçuşlar həyata keçirəcək.
Bu istiqamət üzrə biletləri aviadaşıyıcının www.georgianwings.com rəsmi saytında, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.
“Georgian Wings” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportunda ilk uçuşunun enişini əks etdirən videogörüntülərlə aşağıdan tanış ola bilərsiniz.