İranın davam edən anti-Azərbaycan siyasəti və onun Azərbaycana qarşı təzyiqləri bu istiqamətdə cərəyan edən müakirələrin də artmasına səbəb olub.
Regionda kifayət qədər problemli məsələlərin davam etməsi fonunda İran-Azərbaycan qarşıdurması ehtimalları birmənalı qarşılanmır və müxtəlif aspektlərdə müzakirələrə səbəb olub.
Busaat.az bu barədə hərbi məsələlər üzrə ekspert Səxavət Məmmədin fikirlərini öyrənib:
“İranla Azərbaycan arasında hərbi qarşıdurma ehtimalı çox aşağıdır. Düzdür, hər iki dövlət arasında siyasi gərginlik var. Ancaq bu gərginlik pik həddi görməyib. Bilirik ki, hərbi gərginlik siyasi gərginlik pik həddi görəndən sonra baş verir. Ona görə də, indiki vəziyyətdə hərbi toqquşma az ehtimal olunandır”.
Ekspert ölkələrin ordularının döyüşə hazırlıq vəziyyətini də dəyərləndirib: “İran öz hərbi gücünə güvənən ölkələrdəndir. Bəziləri iddia edir ki, İran ordusunun döyüş hazırlığı aşağı səviyyədədir. Belə düşünmürəm. Çünki İran ordusu istər Suriyada, istərsə də daxilində terrorla mübarizədə aktiv olub. Azərbaycan ordusu da böyük bir müharibədən çıxıb. Bu baxımdan hər iki tərəfin ordusunun hazır olduğunu deyə bilərik”.
Səxavət Məmməd Azərbaycan-İran qarşıdurmsına maraqlı olan qüvvələrdən də danışıb: “Görünən odur ki, Azərbaycanı İranla hərbi qarşıdurmaya çəkən dövlətlər var. Ancaq Azərbaycan buna getməməkdə doğru addım atır. Azərbaycan İranın təhdidlərinə daha çox öz daxilində təmizliklə cavab verir. Bu da indiki məqamda, həm də gələcəyə yönəlik doğru addımdır. İranı dünyadan təcrid edilmiş ölkə kimi təqdim edirlər. Əslində sənəd üzərində də belədir. Ancaq İran ən müasir texnologiyaladan istifadə edir, çox effektli dronlar istehsal edir. Demək ki, bir çox dövlətlər üzdə İrana düşmən deyir, arxa fonda, əl altından isə İranı gücləndirir. İranı asan məğlub ediləcək ölkə hesab etmirəm. İran asan yem olsaydı, ABŞ və müttəfiqləri İraqı yox, İranı sıradan çıxarardılar. Azərbaycan təmkinli olmalıdır, ancaq hər şeyə də hazır vəziyyətdə dayanmalıdır”.
Ekspert, həmçinin, İranın anti-Azərbaycan siyasətinə toxunub və bu ölkənin Azərbaycanının inkişafını həzm edə bilmədiyini qeyd edib: “Başda Azərbaycanla İranı qarşıdurmaya cəlb etmək istəyirlər desəm də, onu da unutmaq olmaz ki, İran Azərbaycanı həzm edə bilmir. İran ümumiyyətlə, Azərbaycanı əlindən alınmış vilayəti hesab edir. Azərbaycan İranla açıq savaşa girməzdən öncə bəzi məsələlərin təməllərini atmalıdır. Gələcəyə yönəlik daxildəki təmizliklə yanaşı, İran daxilində də toxumlar səpib və bunu inkişaf etdirməlidir. Bunlarla yanaşı Azərbaycan İranla olası savaşda əmin olmalıdır ki, Ukrayna ona dəstək olacaq. İranla təkbətək müharibə aparmaq dünyada çox az dövlətin gücündə olan bir şeydir. Pafosu kənara qoyub, məsələlərə realist yanaşmaqda fayda var”.