Hərbi təlimlərə start verilib: “Azərbaycan və Ermənistanda müharibə ritorikası mövcuddur”

image-telimbackend

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, bu gündən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.

Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.

Təlimlərin mahiyyətini Busaat-az-a dəyərləndirən hərbi jurnalist Səxavət Məmməd bildirib ki, müharibə bitsə də, sülh müqaviləsi imzalanmayıb. Bu da, hər şeyin bittiyi anlamına gəlmir: “Hərbi təlimlər hər il plana uyğun olaraq keçirilir. Bu dəfəki təlim artıq qalib ordunun təlimidir. İstər Azərbaycanda, istərsə də Ermənistanda müharibə ritorikası mövcuddur. Bəzən, məsələ o həddə gəlib çıxır ki, “bir neçə günə müharibə başlayacaq” deyənlər də tapılır. Bunun ən əsas səbəbi isə cəmiyyətlərin fikrini digər problemlərdən yayındırmaqdır. Yəni, Ermənistan hakimiyyətinin müharibə ab-havası yaratması normalıdır. Çünki məğlub olub, hesab soruşanlar, itkin düşənlərin ailələri var. Azərbaycanda isə daha çox iqtisadi problemlərin arxa plana atılması açıq-aydın sezilir”.

“Başlayan təlimlərlə bağlı yayılan rəsmi açıqlamada bəzi mesajları görmək olar. Birincisi ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir. 44 günlük müharibə vaxtı döyüşləri izləyən biri kimi, daha sonra hərbçilərlə söhbət edən zaman da, açıq şəkildə gördük və anladıq ki, digər qoşun növləri XTQ-yə loru dildə desək, çatdırmırdılar, ayaqlaşa bilmirdilər. Bu təlimdə də, məhz bunun üzərində işlənəcək. Gələcəyə yönəlik onu da deyə bilərəm ki, nəinki geniş miqyaslı təlimlərdə, elə hərbi hissələrdə də, bunun üzərində işləniləcək və ordunu XTQ ilə ayaqlaşdırmağa çalışacaqlar”-deyə, müsahibimiz vurğulayıb.

image-saxavatOnun sözlərinə görə, Hərbi təlimlərdə təkcə anti-terror yox, terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalara qarşı mübarizə üzərində də işləniləcək: “Azərbaycan rəsmi olaraq bəyan edir ki, ərazi bütövlüyü tam təmin olunub. Bu o deməkdir ki, Xankəndi, Xocavənd, Xocalı, Ağdərə də Azərbaycanın yuristiksiyasında olacaq. Bu zaman hazırda keçmiş Dağlıq Qarabağ vilayətinin 75 faizində olan silahlılar qanunsuz hesab edilməlidir. Hazırda ermənilər də Rusiya ilə birgə Qarabağda hərbi təlim keçir. Ancaq onların keçirdiyi təlimin miqyası mox kiçikdir. Cəmi 3 hərbi hissələri bu təlimə qoşulub”.

“Anti-terror, qanunsuz silahlı qruplaşmalara qarşı əməliyyatların keçirilməsini gözləyirəm. Əgər ermənilər öz öhdəliklərini yerinə yetirməsə, bu, labüd olacaq. Qarabağın böyük hissəsi dağlıq və meşəlikdir. Bir müddət sonra terrorçuların fəaliyyətinə münbit şərait yaranacaq. Bu səbəbdən, anti-terror əməliyyatlarının yaxın zamanda keçirilməsinin tərəfdarıyam.

Müəllif: Mərahim Nəsib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki