Ermənistan Parlamenti sədrinin müavini Lena Nazaryan Şuşa şəhəri ilə bağlı açıqlama ilə çıxış edib.
Busaat.az xəbər verir ki, Lena Nazaryana görə, Ermənistan ordusu Şuşanı əldə saxlamaq iqtidarında deyildi.
“Rusiya Prezidenti Vladimir Putinin təklifi və Azərbaycan Prezidenti İlham Əliyevin razılığı ilə 19-20 noyabr tarixlərində Ermənistan tərəfinə əksəriyyəti azərbaycanlı olan qaçqınların geri qayıtmasına icazə verilməsi təklif edildi. Xatırlatmaq istərdim ki, Şuşa Dağlıq Qarabağın bir hissəsidir. Erməni tərəfi döyüş bölgəsindəki vəziyyətin ağırlığını anladıqda 7 bölgəni təslim etməyi qəbul etdi, lakin Əliyev də qaçqınların geri qaytarılması üzərində durdu. Erməni tərəfi bu təklifi müzakirə edərək qəbuledilməz hesab etdi. Çünki bu, həqiqətən Şuşanın təslim olması demək idi. 80 faizi azərbaycanlı olan qaçqınların geri qaytarılmasına razılıq verilsəydi, bu, Şuşanı təslim etmək demək idi. Buna görə bir dönüş nöqtəsi ümidi ilə mübarizəni davam etdirməyə qərar verildi. Lakin bu, baş vermədi. Üçtərəfli Bəyanat yalnız Şuşa itirildikdən sonra mümkün oldu, çünki o andan etibarən uğur qazanmağın mümkün olmadığı bizə aydın idi. Hər növbəti qurban heç bir döyüş tapşırığını həll etməyəcəkdi”.
Onun sözlərinə görə, 19-20 noyabr tarixlərində erməni tərəfi azərbaycanlı qaçqınların Şuşaya qayıtmasına icazə verərdisə, bu gün hamı hazırkı hökuməti Şuşanı təslim etməkdə günahlandıracaqdı: “Bəli, biz hazırda buna görə yenə ittiham olunuruq. Lakin azərbaycanlılar tərəfindən Şuşa fəth edildi, biz onu təslim etmədik”, – deyə Nazaryan bildirib.
Öz növbəsində “Mənim addımım” fraksiyasının üzvü Arman Yeqoyan qeyd edib ki, “Əhalinin 80 faizinin azərbaycanlı olduğu şəraitdə şəhərin meri də azərbaycanlı olacaqdı. Güman edirəm ki, bu vəziyyətdə şəhərdə heç bir erməni qalmayacaqdı. Belə bir şəraitdə Şuşanın nəzarətimizdə olması barədə necə danışacağımızı təsəvvür etmək çətindir”.