Yaxın günlərdə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov mediaya açıqlamasında bildirib ki, İran tərəfi Azərbaycanın İrandakı Səfirliyinin öz fəaliyyətinə təkrar başlaması barədə dəfələrə təklif edib. Amma təbii ki, səfirliyimizə edilən silahlı hücumla əlaqədar olaraq Azərbaycanın tələbləri hələ də yerinə yetirilməyib. Bu mənada Azərbaycanın İrandakı Səfirliyi öz fəaliyyətini yenidən bərpa edəcəkmi?
Bu barədə millət vəkili Azər Badamov Busaat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın İranda dipolmatik fəaliyyətini davam etdirilməsi üçün İran bir neçə vacib addım atmalıdır:
“Bu, birinci növbədə səfirliyimizdə törədilmiş terrorla bağlı aparılan istintaqla bağlı Azərbaycanı məlumatlandırmalı və cinayətkarların cəzalandırılması ilə bağlı qəti addım atılmalıdır.
Digər bir məsələ isə İran Azərbaycanın diplomatik misiyasının təhlükəsizliyinə zəmanət verməlidir. Düzdür, diplomatik institutlar beynəlxalq konvensiyaya görə toxunulmazdırlar və onların təhlükəsizliyi diplomotik korpusun yerləşdiyi ölkə tərəfindən təmin olunmalıdır. Amma Tehranda səfirliyimizə qarşı törədilmiş terror onu göstərdi ki, bu ölkədə diplomatların təhlükəsizliyi ilə bağlı bir zəmanət yoxdur.
Ona görə də, əgər İran Azərbaycanın səfirliyinin fəaliyyətinin bərpasını istəyirsə, qeyd etdiyim iki məsələni tez bir zamanda həll edib Azərbaycana rəsmi məlumat verilməlidir.
Azərbaycan bütün ölkələrlə, o cümlədən qonşu dövlətlərlə əməkdaşlığı dərinləşdirmək mövqeyindədir. O cümlədən 30 il torpaqlarımızı işal edərək bütün yaşayış məntəqələri yerlə yeksan etmiş Ermənistana da sülh əlini uzatmışıq.
Bu, bir daha Azərbaycanın niyyətini göstərir. Amma hər hansı bir ölkə Azərbaycana qarşı qeyri adekvat münasibət sərgiləyirsə, bizim də o ölkəyə qarşı münasibətimiz eyni olacaqdır”.
Bünyamin Bünyadzadə
Busaat.az