“Azərbaycan mehriban qonşuluq siyasəti çərçivəsində əlaqələrin qurulmasının, 3+3 platforması çərçivəsində görüşlərin tərəfdarıdır”.
Bunu İranın “Khabar Online” xəbər agentliyində dərc olunan “Azərbaycan “böyük qardaşı” İrana qarşı təkəbbür göstərib yazısına münasibətini bildirən politoloq İlyas Hüseynov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, İranla Azərbaycan arasında münasibətlər Vətən müharibəsindən sonra böyük çətinliklərlə üzləşir:
“İran pozuculuq və destruktiv niyyətini ortaya qoyur. Lakin Vətən müharibəsindən sonra prezident İlham Əliyev Xudafərin körpüsünə səfəri zamanı, körpünü dostluq körpüsü, İran-Azərbaycan münasibətlərini isə dostluq münasibətləri adlandırdı. Bununla da keçmişdə olan bütün problemləri silərək yeni səyfənin açılmasının təşəbbüskarı kimi çıxış etdi. Lakin biz Vətən müharibəsindən sonrakı üç il ərzində İranın riyakar və ikiüzlü siyasət yürütdüyünün şahidiyik. İran Ermənistanın arxasında dayanır və ona havadarlıq edir, silah göndərmək üçün Qafanda konsulluq açır, Azərbaycan sərhədlərinin yaxınlığında iki dəfə hərbi təlim keçirir. Bu tamamilə yolverilməz idi”.
“Tehrandakı səfirliyimizə qarşı edilən terror hücumü limitlərin dolduğunu nümayiş etdirdi. Azərbaycan diplomatik korpusu İrandan təxliyə edildi. Hazırda Azərbaycan-İran arasında heç bir diplomatik münasibət yoxdur. Eyni zamanda terror hücumundan sonra cinayətkarın saxlanılması əvəzinə müsahibə verdiyini gördük. Bir müddət sonra isə onu psixi xəstə adı ilə təcrid etdilər. Bütün bu proseslərlə yanaşı İran-Ermənistan birliyinin Azərbaycana qarşı təxribat planı baş tutacaqdı. Azərbaycan xüsusi xidmət orqanları bu planı uğurla ifşa etdi və qarşısını aldı. Azərbaycan mehriban qonşuluq siyasəti çərçivəsində əlaqələrin qurulmasının, 3+3 platforması çərçivəsində görüşlərin tərəfdarıdır. Təəssüflər olsun ki, İran öz geosiyasi dostunu seçib. İranın Ermənistanla olan münasibətləri regional təhlükəsizliyə böyük zərbə vurur”.
Ələsgər / Busaat.az