İstanbulun Bəyazit meydanında Şuşanın işğaldan azad olunması ilə bağlı Azərbaycana dəstək aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Busaat.az-a verilən məlumata görə, Azərbaycan və türk diaspor təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə həmrəylik və Azərbaycana qardaş dəstəyi nümayiş etdirilib.
Aksiyada hər iki ölkənin Dövlət Himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı və təcavüzkar siyasətindən danışıblar. Azərbaycan və Türkiyənin bayraqlarının dalğalandırıldığı tədbirdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə son qoyulması ilə bağlı şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Müzəffər Ali Baş Komandana və qüdrətli Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər.