Türkiyənin tanınmış aktyoru Kərəm Bürsin Azərbaycana səfəri çərçivəsində Sea Breeze-də təşkil olunan IBA Champions’ Night beynəlxalq boks turnirinin fəxri qonağı olub.
Busaat.az xəbər verir ki, Sea Breeze Walk of Fame – Şöhrət Xiyabanında aktyorun adına ulduzun təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Sea Breeze layihəsinin təsisçisi Emin Ağalarov da iştirak edib.

Kərəm Bürsin “Günəşi Gözləyərkən”, “Şərəf Məsələsi”, eləcə də dünyanın 90-dan çox ölkəsində nümayiş etdirilən “Sen Çal Kapımı” (“Qapımı Döy”) serialındakı uğurlu obrazı ilə beynəlxalq şöhrət qazanıb. Aktyor “Bu Şəhər Arxanca Gələcək” serialındakı roluna görə Seoul International Drama Awards-da “Ən yaxşı aktyor” mükafatına layiq görülüb, həmçinin Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatının sahibidir. O, bu gün Türkiyə kino və televiziya sənayesinin ən tanınmış simalarından biri hesab olunur.
Mərasimdə çıxış edən Kərəm Bürsin bildirib ki, Bakıya ilk dəfə 12 il əvvəl film çəkilişləri üçün gəlib. O, şəhərin hər dəfə onu heyran etdiyini qeyd edərək, paytaxt haqqında xoş təəssüratlarını bölüşüb və yenidən Azərbaycana qayıdacağını vurğulayıb.


Ulduzun açılışından sonra aktyor ilk dəfə Sea Breeze-də keçirilən IBA Champions’ Night beynəlxalq turnirini tribunadan izləyib. Beynəlxalq Boks Assosiasiyasının (IBA) Azərbaycan Boks Federasiyasının dəstəyi ilə təşkil etdiyi yarış dünyanın müxtəlif ölkələrindən peşəkar boksçuları bir araya gətirib. Açıq havada keçirilən mötəbər idman tədbiri həm yerli azarkeşlərin, həm də xarici qonaqların böyük marağına səbəb olub.
Turnirin açılış mərasimi “Natiq” ritm qrupunun və Azərbaycanın Əməkdar artisti, “Avroviziya” təmsilçisi Elnur Hüseynovun çıxışları ilə yadda qalıb.
Gecə ərzində altı maraqlı qarşılaşma baş tutub. Azərbaycan millisi turniri üç qələbə və iki heç-heçə ilə başa vurub. Sərxan Əliyev, Səidcamşid Cəfərov və dünya çempionu Subhan Məmmədov rəqiblərinə qalib gəliblər. Axşamın əsas döyüşündə Subhan Məmmədov əfsanəvi “Can’t Be Touched” mahnısının müəllifi və dünya boks əfsanəsi Roy Consun canlı ifası altında rinqə çıxaraq üstün performans nümayiş etdirib və rəqibini dördüncü raundda texniki nokautla məğlub edib. Tayfur Əliyev və Nəbi İsgəndərovun qarşılaşmaları isə heç-heçə nəticələnib.










