“Kılıçdaroğlu kimi birinin hakimiyyətə gəlməsi qondarma erməni soyqırımın tanınması, Şuşa bəyannaməsinin ləğvi, Azərbaycanın meydanda tək buraxılması deməkdir”.
Bunu Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticələri barədə ehtimallarını bölüşən Konfliktalogiya Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vüqar Qədirov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Türkiyədə keçiriləcək prezident seçkiləri yalnız qardaş ölkənin deyil, bütün dünyanın əsas gündəm mövzularından biridir:
“Azərbaycanın bu seçkilərdən böyük gözləntiləri var. Ərdoğan hakimiyyəti türk birliyinin qurulması və Azərbaycanın bu birlikdə əsas rol oynaması, Vətən müharibəsində haqq savaşımıza dəstək verməsi yolunda atdığı addımları ilə xalqımızın rəğbətini qazanıb. Ərdoğan bütün türk dünyasının maraqlarını müdafiə edir. Bütün türk xalqları, eləcə də Azərbaycan xalqı Türkiyədəki prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın seçilməsini arzulayır. Əgər 90-cı illərin əvvəllərinə nəzər salsaq böyük ümidlə gözlədiyimiz dəstəyi qardaş Türkiyədən ala bilmədik. Sonrakı dövrlərdə isə Türkiyənin müstəqil siyasət yürüdə bilməməsi qardaşdan gözlədiyimiz ümidin puça çıxmasına səbəb olub. Türkiyədə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürən CHP partiyasının başqanı Kamal Kılıçdaroğlunun Azərbaycandan yan keçməklə İran ərazisindən Orta Asiya, oradan da Çinə uzanan ipək yolu ilə bağlı açıqlamaları ölkəmizə qarşı qardaşlıq münasibəti ortaya qoymayan mövqedir. Bu da Azərbaycanın milli və dövlətçilik maraqlarına tamamilə zidd addımdır”.
“Kılıçdaroğlu kimi birinin hakimiyyətə gəlməsi qondarma erməni soyqırımın tanınması, Şuşa bəyannaməsinin ləğvi, Azərbaycanın meydanda tək buraxılması deməkdir. Onun hakimiyyətə gəlişinin Türk Təşkilatları Birliyinin nəinki parçalanmasına, ümumiyyətlə yox olmasına səbəb ola biləcəyini xüsusi vurğulamaq istəyirəm. Həmin şəxsin hakimiyyəti ələ keçirməsi bütün türk dünyasına zərbə olar.
Əsrlər boyu türk dünyasını parçalamaq istəyən, birləşməyə qoymayan qüvvələrə qarşı türk olaraq hər birimiz bir olub mübarizə aparmalıyıq”, – politoloq qeyd edib.
Ələsgər / Busaat.az