“Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir”

image-ilham-eliyevbackend

“Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı.

Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini  hərbi-siyasi yolla 44 günə bitirdi.

Azərbaycan Vətən müharibəsinin 44 günü (27 sentyabr – 9 noyabr) ərzində            4 rayonumuzu – Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi,  düşməni darmadağın etdi və Ermənistanı dərin böhrana saldı.

Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət götürdüyü düşmənə məxsus hərbi  texnikanın qiyməti bir neçə milyard dollardır. Bu, xarici borc içində üzən Ermənistan üçün böyük zərbədir.

Prezident İlham Əliyev: Artıq  Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir.

Üçtərəfli bəyanata əsasən, Azərbaycan atəşkəsin elan edildiyi noyabrın 10-dan dekabrın 1-dək keçən 22 günə siyasi yolla daha əvvəl  Ağdam və Kəlbəcəri azad etdi, indi isə Laçın rayonunu nəzarəti altına keçirir. Amma düşmən öz xoşuna çıxmadı, rayondan çıxmağa məcbur edildi.

Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir.

Ermənistan tərəfi bütün Laçın rayonunu onlara dəhliz kimi verilməsində israr edib, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyib.

Prezident İlham Əliyev: Laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq Azərbaycan dövlətinin əsa vəzifələrindən biri olacaqdır.

Prezident İlham Əliyev: Keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytarılması üçün gərəkli addımlar atılacaq.

Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.

Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır.

Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir.

Laçında dünyanın nadir 300-400 illik qırmızı palıd ağacları var. Mineral suları tam tədqiq edilməyib.

Tanınmış şəxslər: XVIII əsr Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi Qara Murtuza bəy; XVII əsrdə yaşamış məşhur Azərbaycan aşığı Sarı Aşıq; Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ general qubernatoru Xosrov bəy Sultanov; Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin (pedaqoji məktəbin) ilk təşkilatçı və müdiri Müseyib İlyasov; Azərbaycan Demokratik Respublikası dövründə təhsil naziri Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov və b.

Azərbaycan Respublikası Laçın dəhlizi üzərində suveren haqlarını kimsəyə təslim etməyib, dəhlizdə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti rəsmi Bakının təhlükəsizlik zəmanəti altındadır.

Laçın dəhlizi Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə verilən zəmanətə adekvatdır. Sonuncu dəhliz Azərbaycanla Türkiyəni quru yolla birləşdirir ki, bu da Vətən müharibəsində ikiqat Qələbənin nəticəsidir.

İşğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq o bölgələr Azərbaycan dövlətinin vəsaiti, Prezidentin siyasi iradəsi ilə  bərpa ediləcək, vətəndaşlarımızın normal həyatı üçün bütün addımlar atılacaq.

Artıq müvafiq dövlət qurumu da yaradılıb və bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır.

Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür.

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı kimi 1992-ci il mayın 18-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal edilib. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.

54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda “Sotheby`s” auksionunda 80 min ABŞ dollarına satılıb.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.

Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək, onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin qərarın 19-20-ci paraqraflarında Laçın rayonu, xüsusən Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

Azərbaycanın Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ilə ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.

Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822 (1993-cü il), 853 (1993-cü il), 874 (1993-cü il) və 884 (1993-cü il) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə (anneksiya) yönəlmiş siyasət yürüdür.

Beynəlxalq hüququn imperativ normaları və BMT Nizamnaməsinə zidd olaraq Ermənistan tərəfindən Azərbaycana qarşı qeyri-qanuni gücdən istifadənin, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindən 700 mindən artıq köklü Azərbaycan əhalisinin zorla qovulması ilə onların fundamental hüquq və azadlıqlarının kütləvi pozulmasının nəticələrinin Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sayı 90 mindən az olan erməni azlığın “öz müqəddəratını təyin etmək” və “insan hüquqları” kontekstində təqdim etmək cəhdləri cəfəngiyatdır və heç bir mənəvi, hüquqi və siyasi çərçivəyə sığmır.

Ermənistan, nəhayət başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz və işğala əsaslanan status-kvo Ermənistanın özünü təcridinin və bugünkü sistematik sosial-iqtisadi və demoqrafik böhranının əsas səbəblərindəndir. Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi Laçın, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi, Azərbaycan dövlətinin şəksiz ayrılmaz hüququdur.

Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərin artırılmasını dəstəkləyərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır”.

Zərinə Hümbətova— Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki