Mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmaqda, kompüter məlumatlarını qanunsuz ələ keçirməkdə ittiham olunaraq Dövlət Təhlukəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan “Zeromap” MMC-in icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Busaat.az-ın “Unikal”a istinadən məlumatına görə, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və Tural Əliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.
İttihamda deyilir ki, təqsirləndirilən şəxs 4 il ərzində yerli və xarici fiziki və hüquqi şəxslərin mobil telefonlarına və kompüter sistemlərinə müdaxilə edib.
Bundan əlavə, Tural kiberhücumlar nəticəsində xarici şirkətlərinin hamıya açıq olmayan məlumatlarına da giriş əldə edib.