Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.
Busaat.az xəbər verir ki, bəyanatda deyilir ki, Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən işğalına son qoyulmasını, dövlətimizin ərazi bütövlüyünün bərpasını təmin etmiş 44 günlük Vətən müharibəsinin başlanmasından 1 il keçir. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağ əsarətdən azad edilməsi son iki yüz ilə yaxın dövrdə xalqımızın məruz qaldığı torpaq itkiləri, etnik təmizləmələr və deportasiya silsiləsinə son qoymuş və onun tarixində yeni dövr açıb.
Milli Məclis ümid etdiyini bildirir ki, uzun illər ərzində qanlı münaqişədən əziyyət çəkmiş Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında daimi sülhün bərqərar edilməsi, sivil dövlətlərarası münasibətlərin qurulması, bu dövlətlərin ərazisində Azərbaycan və erməni xalqlarının nümayəndələrinin dinc yanaşı həyatının təmin edilməsi üçün yaranmış tarixi imkan lazımınca dəyərləndiriləcəkdir. Azərbaycan Respublikası bölgənin bütün etnik qrupların nümayəndələrinin firavanlıq şəraitində yaşadıqları sülh, sabitlik və inkişaf məkanına çevrilməsi üçün özündən asılı olan bütün tədbirləri görməkdə davam edəcək”.