“Hər gün xəbər saytlarına baxarkən rastlaşdığımız xəbərlərdən biri də məişət zorakılığı zəminində baş verən hadisələrdir. Ərin arvadı və ya arvadın əri qətlə yetirməsi demək olar ki hər gün baş verən hadisələrdəndir. Əlavə olaraq zaman-zaman qaynana ilə gəlin və ya qayınata ilə gəlin arasında münaqişələrin baş verməsi halları da az deyil.
Bütün bunlar onu göstərir ki, cəmiyyətdə ictimai münasibətlər zəminində qarşıdurma halları artmaqdadır. Məsuliyyətə gəldikdə isə hesab edirəm hadisələrin baş vermə səbəblərindən asılı olaraq günah və ya səhv yalnız bir tərəfdə olmur”.
Busaat.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Ceyhun Məmmədov özünün sosial media hesabında yazıb.
C. Məmmədovun fikrincə, əvvəlki dövrlərdə qayınata ilə gəlin arasında münaqişə demək olar ki, yox səviyyəsində idi. Gəlinlər öz qayınatalarına öz ataları kimi, qayınatalar isə gəlinlərinə öz qızları kimi yanaşardılar. İndi isə sanki qayınatalar qayınanalar ilə münasibətlərin kəskinləşməsində yarışa giriblər.
Əvvəllər valideynlər qızlarına deyərdilər: “Getdiyin evdən yalnız meyitin çıxa bilər”. İndi isə ən kiçik anlaşılmazlıq baş verdikdə hamıdan əvvəl valideynlər prosesə qoşularaq neçə-neçə ailənin dağılmasına səbəb olurlar.
“Görünən isə odur ki, cəmiyyətdə bir çox sahələrdə müşahidə olunan mənəvi aşınma özünü ailə münasibətlərində də göstərir. Kimsə deyə bilər ki, hər zaman bütün cəmiyyətlərdə belə hadisələr olub olacaq. Ancaq düşünürəm ki, ölkəmizdə belə hallar və hadisələr sürətlə artmaqdadır. Baş verənlər gələcəkdə vəziyyətin daha pisləşəcəyini, ictimai münasibətlərin daha da gərginləşəcəyini göstərir.
Bunu hamımız bilir və görürük. Hesab edirəm bu böhranın daha da dərinləşməməsi üçün hər birimiz daha çox çalışmalı, ailələr təlim-tərbiyə işinə daha çox önəm verməlidirlər. Ailələrdə, məktəblərdə bu mövzularda geniş təbliğat, maarifləndirmə işləri aparılmalıdır.
Bu gün hər bir Azərbaycan ailəsinin övladının təhsilli olmasına önəm verməsi çox sevindirici və qürurvericidir. Ancaq hesab edirəm biz təhsil qədər tərbiyə işinə də önəm verməliyik. Təhsillə bərabər tərbiyə işi də çox önəmlidir. Bizə yalnız təhsilli yox, həm də tərbiyəli gənclik lazımdır.
Cəmiyyətləri ayaqda saxlayan həm də onların dəyərləridir. Ailələr fərdlərdən, cəmiyyətlər ailələrdən formalaşır. Dəyərlərini itirən cəmiyyətlər gələcəyə nikbin baxa bilməzlər. Dəyərlərimizi və ailələrimizi göz bəbəyimiz kimi qorumalıyıq”, – deputat qeyd edib.