Mollakratiya “sonun başlanğıcında” olduğunu bilir, “cəhənnəmə yoldaş axtarır…” – TƏHLİL

image-maxresdefaultbackend

İranın son günlər davam edən aqresiyasından çox yazılıb, bu barədə çox rəylər verilib. Əslində mollakratiya yalançı “nəriltilərlə” o qədər gündəmi məşğul edib ki, əvvəllər bu aqresiya maraqlı, hərdən “qorxulu” olurdusa, indi sadəcə üzümüzdə təbəssüm yaratmağa yarayır: “Gördüz, İran yenə açıqlama verib, təyyarə uçurub, təlim keçirib”.

Allah heç bir ölkəni “yumor sistemi” durumuna salmasın…

Ancaq sözümüz onda deyil.

Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən İranın anti-Azərbaycan siyasəti başlamışdı. Hətta bu addımlar daha əvvəlki “azadlıq hərəkatı”nı da əhatə edir.

Son illərə qədər din pərdəsi altında gizlənən cənub qonşularımız, “din qardaşımız Azərbaycan”, “qardaşlarımız azərbaycanlılar” kimi saxta bəyanatlarla, bir sıra hallarda isə, dini radikalizmi görməyərək, dini dəyərlərin istismarında qurbana çevrilən və İran agenturasının təsirində olan bir sıra şəxslərin yaratdığı “müsbət imic” sayəsində rəsmi Tehran özünü yaxşı maskalayırdı.
Amma regionda və bir sıra məsələlərdə düynada status-kvonu dəyişən Vətən müharibəsinin ardından rəsmi Bakı “maskası yırtılmış İran” ilə qarşılaşdı və erməniləri istifadə edərək Azərbaycana təsir rıçaqlarını artıran İran rejimi artıq “erməni kartı”nı itirmiş oldu. Belə olan halda, Azərbaycanı özünə real təhlükə kimi qəbul edən mollakratiya birbaşa Azərbaycan əleyhinə addımlar atmağa başladı.

Bu addımlar son günlərdə daha aqresiv hal alıb. SEPAH-ın təhdidlərindən tutmuş, rejimin Azərbaycan sərhədlərindəki təxribatçı addımları və İrandakı Azərbaycan Səfirliyində təşkil olunan terrora qədər hər şey deməyə əsas verir ki, İran birmənalı şəkildə Azərbaycanın dövlət olaraq inkişafını zədələmək, bacarırsa, onun müstəqil xarici və daxili siyasətinə son vermək istəyir.

Kim bilir, bəlkə Azərbaycanı işğal etmək də onların arzularının bir hissəsidir?

Xülyalardan danışmaq əbəs olduğu kimi, reallıqları ələ almaq daha məqsədəuyğundur.

İranın son zamanlar artan radikal addımları həm onun daxili arenasındakı xaosdan, həm də beynəlxalq siyasətdəki uğursuzluqlarından qaynaqlanır. Mollakratiya anlayır ki, yeni dünya ilə ayaqlaşa bilmir, güc mərkəzləri ilə düzgün xarici siyasət seçilməyib, dünyanın ən zəngin enerji ölkələrindən olsa da, bu imkanlarını dünya bazarına çıxara bilməməklə yanaşı, ucuz və perspektivsiz şəkildə bir neçə ölkəyə satmağa məcbur qalıb. Heç texnologiya cəhətdən də düzgün əlaqələr qurulmayıb, daha inkişaf etmiş texnologiyalardan istifadədən məhrum qalıb, özünün istehsal etdiyi bir sıra texnoloji avadanlıqları sağlam rəqabət mühitinə uyğunlaşdıra, sata bilmir.

Bu qədər xaosun girdabında qalan İran rejimi, həm də farsist addımları ilə İranda yaşayan bütün millətlərin (Həmçinin farsların – red.) nifrətini qazanıb və bu nifrət indi xalq hərəkatına çevrilir.

Təbii bütün bunlar farsizmin iflasının – “sonun başlanğıcının” siqnallarıdır və rəsmi Tehran hər şeyin fərqindədir.

Amma Tehranda, həmçinin fərqində olduqları bir reallıq da var ki, o da güc və qəddarlıqdır. Çünki hazırki rejimin formalaşması sırf güc və qəddarlığın təcəssümü idi. Rejimin qorunması da məhz bu amilə bağlı olacaq. Mollakratiya sona yaxınlaşdıqca özünü qoruma instinkti daha da artacaq, yəni daha da qəddarlaşacaq və bu qəddarlıq bir müddət sonra sərhədlərdən kənarda geniş əməliyyatları labüd edəcək. Xarici təhlükə faktoru həmişə işə yarayır.

Rəsmi Tehranın anti-Azərbaycan addımlarına həm də bu prizmadan yanaşmaq lazımdır. Çünki İranın sərhədlərini aşacaq şiddət və aqresiya onun qonşuları ilə müharibə niyyətlərindən xəbər verir. Amma kiminlə?

Əlbəttə, İran Pakistanla müharibəyə hazır deyil. Əfqanlar qana susayıb. Talibanla ABŞ bacarmadı, mollakratiya bu riski də məqbul görmür. Türkiyə, Səudiyyə və digər Ərəb dövlətləri güc və hazırlıqlarına görə, Ermənistan isə, “gizli müttəfiq” olduğu üçün İranın hədəfində olmayacaq. İraqda isə, ABŞ bazaları var. İranın boş açıqlamalarına aldanmayın, heç vaxt Pentaqon ilə açıq müharibə barədə düşünmürlər.

Türkmənistanla müharibəyə səbəb olacaq hər hansı məsələ yoxdur. Ümumiyyətlə, Türkmənistan dünya siyasətinə qarışmır. İran bu ölkəyə hansı əsasla savaş elan edəcək?

İsrailə hücum etmək, İranda tək rejimin deyil, dövlətin də sonu deməkdir. Bu, real riskdir. Farsizm bu riskin reallaşmasını heç bir şəkildə istəmir.

Geriyə sadəcə Azərbaycan qalır. Azərbaycanla qarşıdurma riskləri çoxdan hesablanıb. Hətta artıq hüquqi və faktiki təməllər də var. İran zəmini çoxdan hazırlayıb.

Ötən məqalələrimizdə, İranın Azərbaycana hücumunun onun özünün sonu olacağını qeyd etmişdik. Bu, yenə də aktualdır. Buraya Türkiyə və İsrail faktoru, Azərbaycanın beynəlxalq tərəfdaşlıq çərçivəsində beynəlxalq əlaqələri və s. aiddir.
Hər halda, güc və şiddətlə iqtidar olmuş cani bir rejimdən bəhs edirik. Onlar üçün ağıl və sağlam düşüncə ikinci plandadır. Həm də qeyd etdiyimiz kimi, mollakratiya “sonun başlanğıcında” olduğunu görür, “cəhhənnəmə doğru yol alarkən özünə yoldaş atarır…”

Ehtimalların hamısı dəyərləndirilməli olduğu kimi, İranın Azərbaycana qarşı əməliyyatlara başlamaması halında belə, bu məsələ daim diqqətdə saxlanılmalı, hər an mənfur addıma hazırlıqlı olunmalıdır.

Həşim Səhrablı / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki