“Rusiya Ermənistanı qardaş ölkə hesab edir və ümid edir ki, İrəvan vaxtilə Kiyev rejiminin seçdiyi yolu təkrar etməyəcək”.
Busaat.az-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya Ermənistanın Ukraynanın taleyini təkrarlamasını istəmir. Peskov vurğulayıb ki, Ermənistan suveren ölkədir:
“Bizim üçün qardaş ölkədir, biz Ermənistanın siyasi müdrikliyinə ümid edirik. Sadəcə olaraq istəmirik ki, onlar Kiyevin bir vaxtlar seçdiyi alternativsizliyi seçsinlər. Biz dostluq və isti münasibətləri davam etdirməyə sadiqik”.
Politoloq Həşim Səhrablı Busaat.az-a açıqlamasında deyib ki, Rusiyanın Cənubi Qafqazda mövqeləri xeyli zəifləyib.
Ekspertin sözlərinə görə, xüsusən, Ukrayna müharibəsindən sonra Rusiya Cənubi Qafqaz regiona ilə bağlı məsələlərdə çox rahat hərəkət edə bilmirdi:
“Rusiya hazırda bütün imkanlarını, rerurslarını Ukrayna ilə müharibəyə sərf edib. Çünki daha tez nəticə əldə etmək istəyirdi. Amma zaman keçdikcə gördük ki, Qərbdən gələn dəstək fonunda Rusiya arzuladığı nəticələrin hamısına çata bilmədi. Rusiyadan atəşkəs və sülhə doğru müəyyən bəyanatların səsləndirilməsi, son 10 gün ərzində Ukrayna rəsmilərinin də ən azından atəşkəsə razı olmaq barədə fikirlərini səsləndirməsi deməyə əsas verir ki, artıq hər iki tərəf yorğun düşüb”.
Müsahibimiz qeyd edib ki, müharibə artıq mövqe savaşlarına keçib:
“Əməliyyatlar “o təpə sənin, bu təpə mənim” məntiqi ilə davam edir. Bu da hər iki tərəfin boş-boşuna imkanlarını tükətməsinə gətirib çıxarır. Ona görə də Rusiya fikirləşir ki, nəticəsiz müharibə aparmaqdansa, Sakit okeanda, Cənubi Qafqazda, Afrikadakı maraqlarına geri dönsə, dünyəvi siyasətə yenidən yönəlsə daha maraqlı olar. Moskvadan səslənən açıqlamaların anti-Ermənistan müstəvisində olması göstərir ki, Rusiya Nikol Paşinyan hökumətinin şıltaqlıqlarına dözmür”.
Analitik vurğulayıb ki, Rusiya Ermənistan dövlətinin qurucusudur:
“Ermənilərin heç vaxt müstəqil dövlətçilik ənənələri olmayıb. İmperiyaların tərkibində muxtar vilayət tipli qurumlar olmaqdan savayı heç bir tarixi dövlətçilik nailiyyətləri yoxdur. Amma Rusiya ermənilərə sıfırdan dövlət qurub verib. O baxımdan fikirləşir ki, ermənilərin Rusiya mərkəzli siyasətdən uzaqlaşması, Qərbə yönəlməsi xəyanətdir. Bu xəyanət isə cəzalandırılmalıdır və bunun yollarını axtarırlar. Əlbəttə, Ermənistana Ukrayna kimi birbaşa müdaxilə etmək imkanları məhduddur, çünki Rusiyanın Ermənistanla coğrafi sərhədləri yoxdur. Gürcüstan və Azərbaycan öz ərazilərindən Rusiyanın Ermənistana ordu yeritməsinə, qırıcıları uçurtmasına icazə verəcəkmi? Əlbəttə yox. Təbii ki, Türkiyə də buna razı olmayacaq. İranın Cənubi Qafqaza təsir rıçağı məhz Ermənistan vasitəsi ilədir. Rusiyanın Gümrüdəki hərbi bazası da hərbi-texniki imkanlarına, bazasına görə Ermənistanı ram etmək gücündə deyil”.
Həmsöhbətimiz bəyan edib ki, Rusiyanın əsas yolu Ermənistanda daxili çaxnaşma yaradaraq hakimiyyət çevrilişi etməkdir. Ekspertə görə, ancaq bu da mümkün görünmür. Onun sözlərinə görə, son iki ildə əslində buna çalışılır:
“Keşiş Baqrat Qalstanyanın etiraz aksiyaları da buna hesablanmışdı. Ermənistan toplumu da getdikcə Qərbə meyillənməkdədir. Rusiya asılılığında qalmaq istəmirlər. Rusiya indiki halda Ermənistanı sadəcə iqtisadi cəhətdən boğa bilər. Ermənistanın iqtisadiyyatının böyük qismi Rusiyanın əlindədir. Moskva iqtisadi təsir rıçaqlarını işə salarsa, o zaman ölkədə sosial narazılıqlar arta bilər. Amma bu da Kremlə sərf etmir, çünki Ermənistan üzərindən Qərbin sanksiyaları neytrallaşdırılır”.
Həşim Səhrablı: Hər şey bundan sonra Paşinyanın atacağı anti-Rusiya addımlarından asılıdır
H.Səhrablı deyib ki, digər versiya isə Rusiyanın tarixi həqiqətləri qabartmasıdır. Qeyd edib ki, arxivlər açılarsa, Azərbaycan torpaqlarının könüllülük prinsipi ilə, hüquqi yolla deyil, diktə ilə, zorla bizdən qopardılaraq ermənilərə hədiyyə verilməsi üzə çıxar:
“Moskva bu yolla Ermənistanı cəzalandıra bilər. Ortada erməni dövlətçiliyi məsələsi qalmaz. Hər şey bundan sonra Paşinyanın atacağı anti-Rusiya addımlarından asılıdır. Rusiyadan uzaqlaşma radikal şəkildə davam edərsə, Moskva İrəvanı cəzalandırmaq üçün fərqli yollara baş vura bilər”.