Məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır.
Busaat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə büdcə müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, təxminən 5 il əvvəl məktəblərdə müəllim və psixoloqların əməkhaqqısı, demək olar, eyni səviyyədə idi:
“Ona görə də psixoloq olmaq istəyənlər həvəslə məktəbdə işləmək istəyirdi. Sonra müəllimlərin bilik və bacarıqlarının yoxlanılması üçün imtahanlar təşkil edildi və onların əməkhaqqısı artırıldı. Bu gün müəllimin orta aylıq əməkhaqqısı 800 manatdan yüksək olduğu halda, psixoloqların maaşı 450 manatın üzərindədir. Bu qədər fərq aradan qaldırılmalıdır. Eyni zamanda psixoloqların sayı məktəbdə olan şagirdlərin sayına görə tənzimlənməli və normalar müəyyənləşdirilməliidr”, – deputat vurğulayıb.
Qeyd edək ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məktəblərdə psixoloq və sosial işçilərin sayının şagird və tələbələrin sayı ilə nisbətdə çox az olduğunu deyib: “Buna görə də məktəb və digər təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidinin artırılmasına ehtiyac vardır. Eyni zamanda, ailə psixoloqu ixtisası üzrə mütəxəssislərin yetişdirilməsi də vacib məsələdir”.