Əlillik meyarlarının təyini, məşğulluq və mənzil təminatı ilə bağlı bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirən bir qrup Vətən müharibəsi iştirakçısı nazirlik rəsmiləri tərəfindən qəbul edilib.
Busaat.az xəbər verir ki, bu barədə ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov əraziyə toplaşan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu gün təxminən 10 nəfər Vətən müharibəsi qazisi sorğu və şikayətlərinin dinlənilməsi üçün nazirliyə dəvət olunub. Görüşdə nazir müavini Anar Əliyev, nazirliyin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev, Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov və digər aidiyyəti şəxslər iştirak ediblər:
“Qazilərimizi dinlədik, müraciətləri qeydə alındı. Onların bir hissəsi əlillik meyarları ilə bağlı idi. ƏƏSMN qanunvericiliyə uyğun olaraq əlillik qruplarını təyin edir və əlillik təyinatının birinci hissəsi aidiyyəti qurumlar – səhiyyə müəssisələri tərəfindən göndəriş və orada yazılan diaqnozlardır.
Nazirliyin müvafiq qurumu da məhz o diaqnozlara əsasən əlillik qrupunu təyin edir. Bu, qazilərimizə izah olundu və əlillik meyarlarının dəyişdirilməsi ilə bağlı onların təklifləri qeydə alındı. Aidiyyəti qurumlarla bu istiqamətdə iş aparılacaq”.
F. Talıbov həmçinin bildirib ki, bir neçə qazimizə mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı dəstək göstəriləcək.
Nazirlik rəsmisinin sözlərinə görə, müraciətlərin bir hissəsi məşğulluqla bağlı olub: “O müraciətlər də yerində qeydə alındı və dərhal xidməti otağa keçən andan məşğulluq mərkəzlərinə tapşırıq veriləcək və qazilərin işlə təminatı istiqamətində iş görüləcək. Bütün şikayətlər operativ şəkildə həll ediləcək.
Əlillik meyarlarının operativ qiymətləndirilməsi istiqamətində də iş gedir. Aidiyyəti qurumların rəyləri nəzərə alınır. Vətən müharibəsindən sonra isə bu məsələ bir qədər də intensivləşib. Əlillik meyarlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması, təkmilləşdirilməsi ilə bağlı işlər son mərhələdədir. Bundan sonra ənənəvi olaraq qruplar üzrə deyil, əmək fəaliyyətini itirmə faizinə görə əlillik təyin ediləcək. Layihənin hazırlanmasında ən mütərəqqi, humanist, qabaqcıl təcrübədən istifadə olunub”.