NATO ölkələrinin baş qərargah rəisləri TOPLANDI
NATO-ya üzv ölkələrin qərargah rəisləri NATO-nun Brüsseldəki mənzil-qərargahında bir araya gələrək alyansın hərbi məsələlərini, xüsusən də Ukraynadakı müharibəni müzakirə ediblər.
Busaat.az xəbər verir ki, toplantı NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauerin sədrliyi ilə baş tutub.
Toplantıda Türkiyəni Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər təmsil edib.
İki gün davam edəcək iclasın ilk günündə alyansın imkanlarının gücləndirilməsi, müdafiə və çəkindirmə gücünün artırılması, rəqəmsal transformasiya, NATO qüvvələrinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi, hərbi ehtiyatlar və logistika kimi mövzular müzakirə olunacaq.
İkinci gündə NATO-nun Kosovo Sülhməramlı Qüvvələri (KFOR), yerdəki vəziyyət və Kosovodakı təhlükəsizlik mühiti, NATO-nun İraq və Ukrayna missiyası çərçivəsində görülən işlər müzakirə ediləcək.
Qərargah rəisləri son iclasda Ukraynanı müzakirə edəcək və NATO-nun Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya davamlı dəstəyini qiymətləndirəcəklər.
Ukraynanın Baş Qərargah rəisi Valeriy Zalujnı videokonfrans vasitəsilə görüşə qatılacaq və bölgədəki son vəziyyət barədə məlumat verəcək.
Qeyd edək ki, iclasda 30 NATO ölkəsinin baş qərargah rəisləri ilə yanaşı, NATO-ya dəvət olunmuş ölkələr İsveç və Finlandiyanın qərargah rəisləri də iştirak edir.





