Nazirlik tender keçirmədən “Veysəloğlu”ndan 312 min manatlıq it yemi alır

image-tia_a368aaeb9862940befb6adfa05e8377e_yj7wtsk3brfhzu541ov0-640x336backend

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqroservis” ASC tender müsabiqəsi keçirmədən “Veysəloğlu” MMC (VÖEN – 0700159551) şirkət ilə satınalama müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, müqavilə bir mənbədən satınalama metodu əsasında imzalanıb.

Qeyd edək ki, “Veysəloğlu” MMC “Aqroservis” ASC-yə itlər üçün yem satacaq və qarşılığında 311 min 78 manat 38 qəpik alacaq.

Tender müsabiqəsində diqqət çəkən məqam isə odur ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.

Başqa bir məqam satınalmanın bir mənbədən satınalma metodu əsasında keçirilməsidir.

“Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsində açıq şəkildə qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;

– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

– Satınalma predmetinə təcili tələbat yarandıqda;

– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qeyd edək ki, it yeminin satınalınmasının Qanunda göstərilən bu şərtlərdən hansına uyğun gəldiyi başa düşülən deyil.

Xatırladaq ki, Bakı şəhəri Nizami rayonu, Keşlə ŞTQ, 2-ci eninə, ev 2 ünvanında qeydiyyatda olan “Veysəloğlu” MMC-nin nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır. 2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur.

2017-ci ilin aprel ayının 5-də dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 manat olan “Veysəloğlu Grup” MMC-nin qanuni təmsilçisi isə Talıbov Aydın Veysəl oğludur.

Məlumat üçün bildirək ki, mətbuatda “Veysəloğlu” şirkəti və ona məxsus olan “Araz”, OBA və SPAR supermarketərinin sahibinin də məhz Aydın Talıbov olduğu bildirilir. Ehtimal etmək olar ki, şirkətin adı da Aydın Talıbovun atasının adına görə bu cür adlandırılıb.

Qeyd edək ki, Aydın Talıbov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Siyaqut kəndində anadan olub. Aydın Talıbov Naxçıvan MR-in Ali Məclisinin sabiq sədri Vasif Talıbovun da məzun olduğu Siyaqut kənd orta məktəbini bitirərək ali təhsilini İqtisadiyyat Universitetində davam etdirib. 1994-cü ildən biznes fəaliyyətinə başlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki