Nəcməddin Sadikovla bağlı açıqlama

image-necmeddin8backend

Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin Sankt-Peterburqda toplantısı keçiriləcək.

Rusiya Müdafiə Nazirliyi xəbər verir ki, MDB ölkələrinin Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin iclasına Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan nümayəndə heyətləri qatılacaq.

Bundan başqa, MDB İcraiyyə Komitəsi və MDB Müdafiə Nazirləri Şurasının katibliyi də nümayəndə heyəti ilə iclasa qatılacaq.

Azərbaycanı toplantıda kimin təmsil edəcəyi məlum deyil. Artıq 5 aya yaxındır ki, Baş Qərargah rəisi kimi mühüm bir post vakant qalıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bu il yanvarın 28-də yaydığı məlumata görə, general-polkovnik Nəcməddin Sadıkov müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılaraq, ordu sıralarından ehtiyata buraxılıb. N.Sadıkov 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdi.

Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı-Azərbaycan Silahlı Qüvvələrinin hərbi heyəti, Silahlı Qüvvələr Administrasiyasının mərkəzi orqanıdır və Azərbaycan Respublikası Müdafiə Nazirliyi yanında silahlı qüvvələrin operativ idarə olunmasına nəzarət edir. Baş Qərargah rəisi Silahlı Qüvvələrin Ali Baş Komandanı olan Azərbaycan Prezidenti tərəfindən təyin edilir.

Bəs müharibə təhlükəsi tam sovuşmayan Azərbaycanda Baş Qərargah rəisinin postunun boş qalması nə deməkdir? Bunun fəsadları ola bilər?

Hərbi ekspert, polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a bildirdi ki, Baş Qərargah rəisi vəzifəsinə təyinat olmasa da, vəzifənin funksiyalarını icra edənlər var: “Ola bilsin ki, bu iş bir adama deyil, müxtəlif istiqamətlər üzrə məsul şəxslərə həvalə olunub. Baş Qərargah rəisinin olmaması o demək deyil ki, ordunun fəaliyyəti dayanır. Baş Qərargah rəisindən yuxarıda müdafiə naziri var, son qərarları o qəbul edir, əmrləri o verir. Ona görə də Nəcməddin Sadıkovun yerinə təyinat olmamasını faciəyə çevirməyi yanlış hesab edirəm. Müharibə dövrü də, postmüharibə dövrü də onu göstərdi ki, Azərbaycanda Baş Qərargah rəisi olsa da, olmasa da ordunun fəaliyyəti, xidməti, təlimləri dayanmır, ordu tam şəkildə öz funksiyasını yerinə yetirir. Müharibə dövründə Baş Qərargah rəisinin olmaması hər hansı problem meydana çıxarmadı, ordumuz qarşıya qoyulan vəzifəni çox böyük peşəkarlıqla, uğurla həyata keçirdi. Baş Qərargah rəisi, sadəcə, bir vəzifəni daşıyan şəxsdir. Bəzi müharibələrdə Baş Qərargah rəisi həlak olub, ancaq hətta bu halda da ordu döyüşə davam edib. Bu mənada hazırda Baş Qərargah rəisi vəzifəsini daşıyan şəxsin yoxluğu ordumuz üçün problem yaratmır. Döyüşən ordudur, Baş Qərargah rəisi özü bilavasitə nəyisə yerinə yetirmir axı, o, qərarlar qəbul etmək, idarə etmək funksiyasını daşıyır və onun özü də tapşırıqları həyata keçirir. İndi bu tapşırıqları onsuz da yerinə yetirənlər var”.

Ş.Ramaldanov qeyd etdi ki, müharibədən sonra Müdafiə Nazirliyində və digər güc strukturlarında təhlil aparılır və ola bilsin, müəyyən dəyişikliklər olacaq: “İndi bu saat o proses gedir. Düşünürəm ki, bu proses tam həyata keçirildikdən sonra müharibənin nəticələri, təcrübə nəzərə alınaraq təyinat olacaq. Baş Qərargah rəisini təyin etmək Ali Baş Komandanın səlahiyyətinə aiddir. Ali Baş Komandanın sözü ilə desək, o, yaxşı bilir nə zaman nə etmək lazımdır. Ali Baş Komandan lazım bildiyi vaxtda təyinat edəcək.

İndilikdə ordu öz vəzifəsini yüksək səviyyədə yerinə yetirir. Ordu elə mexanizmdir ki, komandirin əvəzlənməsi avtomatik həyata keçir. Tutaq ki, manqa komandiri yoxdursa, onun vəzifəsini baş əsgər yerinə yetirir, taqım komandiri yoxdursa, onun işini manqa komandiri yerinə yetirir, bölük komandiri yoxdursa, taqım komandiri onun vəzifəsini icra edir. Yəni orduda ən yuxarı komandanlığa qədər belə bir mexanizm var. Ona görə də bu gün Baş Qərargah rəisi şəxs olaraq yoxdur, ancaq Baş Qərargah rəisinin funksiyaları yerinə yetirilir. Bu baxımdan hesab edirəm ki, MDB ölkələri Baş Qərargah rəislərinin toplantısına müdafiə naziri kimi lazım bilsə, onu da göndərəcək. O şəxs də Azərbaycanı təmsil edəcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki