Nikol Paşinyan yalan məlumatlarla BMT-yə müraciət etdi
Rəsmi İrəvan BMT-yə müraciət edərək Dağlıq Qarabağda humanitar vəziyyətin müzakirəsi üçün Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini xahiş edib.
Busaat.az TASSA-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.
“Ermənistan Respublikası avqustun 11-də BMT Təhlükəsizlik Şurasına müraciət edərək Dağlıq Qarabağın mülki əhalisinin məcburi şəkildə tam blokadaya alınması nəticəsində humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar fövqəladə iclasın çağırılmasını xahiş edib”, – məlumatda bildirilir.
Müraciətdə Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan da təşkilatdan Ermənistan nümayəndə heyətinə Təhlükəsizlik Şurasının iclasında iştirak etmək imkanının təmin edilməsini xahiş edib.
Ermənistan tərəfinin məlumatına görə, guya Dağlıq Qarabağdan Ermənistana gedən yeganə yol olan Laçın dəhlizi 2022-ci il dekabrın 12-də bir qrup Azərbaycan vətəndaşı tərəfindən bağlanıb. Daha sonra Bakı Ermənistanla sərhəddə Xakari körpüsünün yaxınlığında rəsmi keçid məntəqəsi yerləşdirib. Dağlıq Qarabağdakı insanlara Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi ilə humanitar yardım verilir. Lakin iyunun 15-də Ermənistan və Azərbaycan sərhədçiləri arasında baş verən atışmadan sonra Bakı Dağlıq Qarabağa hər hansı humanitar yüklərin daşınmasına qadağa qoyub.





