“Bir çox ölkələrin təcrübəsi göstərir ki, ali təhsilli və orta təhsilli çağırışçılar üçün xidmət müddəti fərqlidir və bunun da səbəbləri var. Bu, ilk növbədə dövlətin insan kapitalını necə idarə etməsi ilə bağlıdır. Ali təhsil almış şəxslər artıq müəyyən ixtisas və bacarıqlara malik olur və onların uzun müddət əmək bazarından kənarda qalması iqtisadi baxımdan itki yaradır.
Eyni zamanda, müasir ordularda texnologiya və idarəetmə bacarıqları ön plana çıxdığı üçün bu kateqoriyadan olan şəxslər daha çox qısa müddətli hazırlıqdan sonra xüsusi funksiyalara yönləndirilir”.
Busaat.az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında MCP-nın sədri, millət vəkili Razi Nurullayev deyib.
Ali təhsilli çağırışçıların daha qısa müddətdə həqiqi hərbi xidmət keçməsinin yenidən müzakirə obyektinə çevrilməsinə münasibət bildirən partiya sədri onu da qeyd edib ki, orta təhsilli çağırışçılarla bağlı yanaşma isə fərqlidir:
“Burada söhbət hansısa ayrı-seçkilikdən yox, ordunun struktur ehtiyaclarından gedir. Əsas döyüş hazırlığı, fiziki və taktiki bacarıqların formalaşdırılması daha uzun vaxt tələb edir. Ordunun əsas kütləsi də məhz bu kateqoriyadan formalaşdığı üçün onların xidmət müddətinin bir qədər uzun olması praktiki zərurətdən irəli gəlir.
Beynəlxalq təcrübə də bunu təsdiqləyir.
Məsələn, Birləşmiş Ərəb Əmirliklərində ali təhsilli şəxslər təxminən 9 ay xidmət etdiyi halda, orta təhsillilər üçün bu müddət 2 ilə qədər uzana bilir. Belarusda universitet məzunları üçün xidmət müddəti daha qısa müəyyən edilir. Finlandiya və Danimarka kimi ölkələrdə isə xidmət müddəti çağırışçının hazırlıq səviyyəsinə və yerinə yetirəcəyi funksiyaya uyğun şəkildə diferensiallaşdırılır”.
Millət vəkilin fikrincə qlobal tendensiya ondan ibarətdir ki, dövlətlər bir tərəfdən ordunun döyüş qabiliyyətini qorumağa, digər tərəfdən isə iqtisadi aktiv əhalinin itkilərini minimuma endirməyə çalışırlar:
“Bu baxımdan xidmət müddətinin təhsil səviyyəsinə görə fərqləndirilməsi bir çox hallarda məntiqi və tətbiq edilən model kimi nəzərdən keçirilir.
Lakin burada əsas məsələ balansın qorunmasıdır. Fərqlər çox kəskin olarsa, bu, cəmiyyətdə haqlı narazılıq doğura bilər. Ona görə də qərarlar qəbul edilərkən həm hərbi effektivlik, həm sosial ədalət, həm də iqtisadi maraqlar paralel şəkildə nəzərə alınmalıdır”.








