Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin üzvü, 44 günlük Vətən müharibəsi qazisi, ikinci qrup əlil Valeh Hüseynov məmur özbaşnalığının qurbanı olduğunu bildirir. Redaksiyamıza müraciət edən Valeh Hüseynov qeyd edib ki, 14 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanaraq əlil olub.
Valeh Hüseynov vurğulayır: “Müharibədə bütün çətinliklərə sinə gərdik. Doğma vətənimizin hər qarışını azad etdik. Dövlət başçımız bizə göstərdiyi qayğı ilə çoxsaylı medal və ordenlərlə təltif etdi. Lakin müharibədən sonra yaşadığımız Goranboy rayonunda ciddi məmur özbaşnalığı ilə üzləşdik. Mən Baxçakürd kəndində yaşayıram, yoldaşım işsizdir və himayəmdə II qrup əlil olan xəstə övladım var. Dövlət tərəfindən mənə 21 baş qoyun və torpaq sahəsi ayrılıb, amma yerli məmurlar bizim bu imkanlardan istifadə etməyimizə mane olur.”
Valeh Hüseynov bildirib ki, uzun illər kənd bələdiyyəsini idarə edən Arzu Məmmədov torpaqları istədiyi kimi öz yaxınlarının adına verərək faktiki olaraq şəxsi istifadəsinə götürüb.
Bu gün isə bələdiyyəni onun oğlu Mətin Papırlı idarə edir. Valeh Hüseynov torpaq sahəsinin sənədləşdirilməsi üçün bir neçə dəfə müraciət etsə də, Arzu Məmmədov bundan imtina edib. Qazinin sözlərinə görə, rayon rəhbərliyinə etdiyi şikayətlər də nəticəsiz qalıb, çünki Arzu Məmmədovun bölgədə böyük nüfuzu var.
Valeh Hüseynov həmçinin vurğulayıb ki, Arzu Məmmədov Vətən müharibəsi dövründə oğlunu hərbi xidmətə göndərməyib və bu səbəbdən onun oğlunun orduda xidmət etməyib. Qazinin fikrincə, belə şəxsin şəhid ailələrinə və qazilərə münasibəti necə olmalıdır?.
“Baxçakürd kəndi Arzu Məmmədov tərəfindən faktiki olaraq özəlləşdirilib və rayon rəhbərliyi bu prosesə dəstək verir. Biz canımızı vətən yolunda qoymuşuq, halbuki bu kiçikçaplı məmurların zülmündən xilas ola bilmirik.”- deyə qazi bildirib.
Mətbuat qarşı tərəfin mövqeyini öyrənmək üçün Baxçakürd kəndinin bələdiyyə sədri Mətin Papırlı ilə əlaqə saxlayıb. Bələdiyyə sədri bildirib ki, Valeh Hüseynovun problemindən xəbərdardır.
“Valeh Hüseynov ona verilən 1 hektar torpaq sahəsini sənədləşdirmək istəyir. Lakin bu sahə ümumi örüş torpağı olduğundan mümkün deyil. Atamla bağlı məsələyə gəldikdə isə, bələdiyyənin balansında olan 27 hektar torpaq sahəsini atam 2015-ci ildə 49 illik icarəyə götürüb. Bu məndən öncə olub.”
P.S. Bələdiyyə sədri faktiki olaraq etiraf edir ki, bütün torpaqlar atası Arzu Məmmədov tərəfindən 49 illik icarəyə götürülüb. Bu hadisə təkcə bir kənddə məmur özbaşnalığının bariz nümunəsidir.














