
Paytaxtda reydlər keçirilir - Foto

Koronovirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə Bakı şəhərində həyata keçirilən genişmiqyaslı tibbi-profilaktiki, dezinfeksiyaedici və digər qabaqlayıcı kompleks tədbirlər davam etdirilir.
Busaat.az xəbər verir ki, bu istiqamətdə görülən işlər çərçivəsində əhalinin qida təhlükəsizliyi məsələlərinə də xüsusi diqqət yetirilir.
Qeyd edilir ki, görülən işlərə, keçirilən tədbirlərə baxmayaraq bəzi şəxslər bu gün də antisanitar, insanların sağlamlığı üçün təhlükəli şəraitdə qida məhsullarının hazırlanması, o cümlədən ət kəsimi və satışı ilə məşğul olurlar. Belə halların qarşısının alınması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərərəfindən qəti və təxirəsalınmaz tədbirlər həyata keçirib.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən məlumata görə, məsələnin ciddiliyi nəzərə alınaraq Bakı Şəhər Ticarət və Xidmət Departamenti, paytaxtın Rayon İcra Hakimiyyətləri, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının və hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə paytaxtın müxtəlif rayonlarında antisanitar vəziyyətdə olan ət kəsimi və digər qida satışı məntəqələrinin yerlərin müəyyən edilməsi məqsədi ilə reydlər keçirilib. Reydlər nəticəsində bir sıra nöqsanlar aşkarlanıb və müvafiq qaydada tədbirlər görülür.
Belə ki, Bakının müxtəlif rayonlarında keçirilən reydlər zamanı Ceyhun Hacıbəyli, Mirmahmud Kazımovski, Yusif Vəzirov, Qədir Məmmədov və digər ünvanlarda sanitar qaydaları pozan, karantin tələblərinə əməl etməyən ət kəsimi yerləri müəyyənləşdirilib. Həmin obyektlərin fəaliyyəti dayandırılıb, bəzi məntəqələrin yerləşdiyi tikililər sökülüb, istifadə edilən dəmir asqı vasitələri kəsilib, ətraf ərazi dezinfeksiya edilib.
Bu reydlər mütəmadi olaraq paytaxtın bütün rayonlarında keçiriləcək.
























