Növbədənkənar prezident seçkiləri ilə əlaqədar 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.
Busaat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 29-da jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ölkədə 6300-dən çox seçki məntəqəsi var: “Hər məntəqəyə 15-ə qədər müşahidəçi düşür. Əsas məqsəd odur ki, müşahidəçilər fəal olsunlar, müəyyən məsələlərə müdaxilə etmək səlahiyyətləri var”.
M.Pənahov söyləyib ki, beynəlxalq müşahidəçilərin sayı 800-ə çatır. Onun sözlərinə görə, müşahidəçilər ATƏT, MDB və digər beynəlxalq təşkilatları təmsil edir: “Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, eləcə də, MSK-nın dəvət etdiyi komissiyaların rəhbərləri və nümayəndələri də var”.
MSK sədri qeyd edib ki, Laçın, Şuşa və azad olunmuş digər ərazilərdə prezident seçkilərinə hazırlıq başa çatıb: “Beynəlxalq qurumların yaxşı müşahidə aparmasını vacib sayırıq. Xüsusilə çox istərdik ki, ATƏT-in uzunmüddətli missiyası da azad olunan ərazilərdə prosesi izləsin. ATƏT-in vəzifəsi işğaldan azad bölünmüş ərazilərdə ciddi müşahidə aparmaq olmalıdır. Çünki bilirsiniz, bu seçkiləri Zəfər seçkisi adlandırırıq. Hamımız fəal olmalıyıq”.