Son günlər Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski görüşü yenidən gündəmə gəlib. Rusiya prezidenti Zelenskini görüş üçün Moskvaya dəvət edib. Hətta Vladimir Putin bildirib ki, Zelenski və Kiyev nümayəndələri Moskvaya gəlməyə qərar verərsə, onlara təhlükəsizlik zəmanəti verməyə hazırıq.
Eyni zamanda Rusiya prezidentinin Amerikalı həmkarı Donald Trampla da növbəti görüşü əsas mövzulardan biridir. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, yaxın vaxtlarda Vladimir Putinlə Donald Tramp arasında danışıqların ikinci raundu mümkündür.
Zelenskinin yerinə başqa prezident olsaydı…
Məlum görüşlər barədə Busaat.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Zelenski Putinin Moskvada görüş barədə təklifini dəyərləndirməməkdə haqlıdır.
Politoloq qeyd edib ki, Putin belə görüşün baş tutmasını istəmir, ona görə də Zelenskini Moskvaya dəvət edir:
“Rusiya prezidentinin bu təklifi məntiqəziddir. Bir ölkənin əraziləri işğal edilir, yüz minlərlə insan həlak olur və tərəflərdən biri digər dövlət başçısını öz ayağına dəvət edir. Bu, mümkün olan bir hal deyil. Zelenskinin yerinə Ukraynada başqa kimsə prezident olsaydı, onlar da bunu özünə sığışdırmazdı. Putin görüşmək istəsəydi, bunun üçün müxtəlif variantlar və ölkələ var. Məsələn, Türkiyə, yaxud Avropa ölkələrindən biri ola bilər. Putin sadəcə bu təklifi verməklə beynəlxalq aləmə, o cümlədən, ABŞ prezidenti Donald Trampa mesaj göndərir ki, guya görüşdən imtina etmir, lakin elə təkliflə çıxış edir ki, görüşün reallaşması mümkün olmasın. Zelenki heç vaxt indiki şərtlər altında Moskvaya getməyəcək”.
Tramp Putinlə növbəti görüşdən imtina etməyəcək…
E.Şahinoğlu eyni zamanda Donald Trampın da indiki şərtlər altında Putinlə görüş üçün Moskvaya getməyəcəyini söyləyib:
“Çünki Alyaska görüşü faktiki olaraq nəticə vermədi, sülh alınmadı, Tramp Putindən məyus olub. Əksinə, Alyaska görüşündən sonra Rusiya Ukrayna torpaqlarının işğalı və bombalamasını daha da genişləndirib. Belə olan halda Tramp Moskvaya getsə, bu, onun reytinqinə çox böyük zərbə olar. Ona görə də Tramp Putinlə növbəti görüşdən imtina etməyəcək, amma bu görüş hansısa neytral ərazidə baş tuta bilər”.
Yeganə