“Qadağan etsəm də, məktəbə idman paltarı ilə getmişdi” – Şöbədə arvadını öldürən polis

image-1641378442_1009303backend
Ötən ilin sentyabrında işlədiyi 24-cü polis şöbəsinə ondan şikayətə gələn həyat yoldaşını öldürən serjant İsmayıl Məmmədovun hadisə ilə bağlı istintaq ifadəsi məlum olub.
Busaat.az  bildirir ki, “Kriminalqafqaz”ın cinayət işi materiallarından əldə etdiyi məlumata görə, İ.Məmmədovla arvadı Xanım Məmmədova arasında yaranmış ilkin mübahisə geyim üstündə olub.
Polis əməkdaşı istintaqa verdiyi ifadəsində həyat yoldaşı Xanımla Bakı Dövlət Universitetində tanış olduqların, 2014-cü ildə ailə qurduqlarını və əvvəllər xoşbəxt ailə olduqlarını deyib:
“2015-ci ildə oğlumuz, 2017-ci ildə qızımız doğuldu. Oğlumun təhsil aldığı 220 saylı məktəb mənim xidməti ərazim olduğundan polis əməkdaşları məni və ailəmi tanıyırdı. Mən də oğlumun sinif yoldaşlarının valideyni olan qadınların hansının yüngül həyat tərzi keçirdiyini bilirdim. Buna görə Xanıma onlarla ünsiyyət saxlamağa icazə vermirdim.
Polislərin Xanımın ətrafında yüngül həyat tərzi keçirən valideynləri görmələrindən və onun barəsində pis fikir formalaşmasından ehtiyat edirdim. Buna görə də Xanım hər dəfə oğlumuzu dərsə aparıb-gətirəndə mənə zəng edərək məlumat verir, hansı paltarları geyindiyini deyirdi. Mən oğlumun sinif yoldaşlarının valideynləri tərəfindən yaradılmış “Vatsap” qrupuna qoşulmağı da arvadıma qadağan etmişdim.
Qrupa öz nömrəmlə daxil olurdum, lakin oradakı valideynlər elə bilirdi ki, həmin nömrə Xanıma məxsusdur. Axşam işdən gələndə valideynlər arasındakı danışıqlar barədə arvadıma məlumat verirdim”.
Hadisədən təxminən bir həftə əvvəl İsmayıl Məmmədov Xanımın məktəbə gedən zaman əyninə idman dəsti geyindiyini öyrənir: “Sentyabrın 29-da Xanım hər gün olduğu kimi zəng edərək uşağı məktəbdən götürüb evə gəlməsi barədə məlumat verdi. Bu zaman mən ondan nə geyindiyini soruşdum. O, mənə həmin idman dəstini geyindiyini dedi. Mən ona niyə dəstin üzərindən uzun kofta geyinmədiyini soruşduqda o “uzun koftanı idman dəstinin üzərindən geyinmək olmaz, geyinməmişəm-geyinməmişəm də burda nə var ki?” deyə cavab verdi. Mən Xanımın bu cavabından sonra əsəbiləşib telefonu söndürdüm.
Bundan bir neçə dəqiqə sonra valideynlərdən biri “Vatsap”da yazaraq kiminsə mobil nömrəsini istədi. Mən də Xanıma zəng edib “mən bilmirəm sən məktəbə valideynlərlə rəfiqəlik etməyə gedirsən, yoxsa uşağı məktəbə aparıb-gətirirsən?” deyə irad bildirdim. O da mənə “belədirsə “Vatsap” qrupunu sil” deyə cavab verdi”.
İ.Məmmədov deyib ki, Xanımla barışmaq məqsədilə evə gəlsə də, aqressiv söhbət evdə də davam edib: “Mən Xanıma dedim ki, o valideyn kiminsə nömrəsini axtarırsa, bunu ümumi qrupa yazmalıdır. Söhbət zamanı Xanımın sifətinə şillə vurdum. Bu zaman arvadım artıq hər şeydən bezdiyini, onu çox sıxdığımı, sərbəst buraxılmadığını dedi. Mən daha da əsəbiləşib onu döydüm.
Sonra telefonunu əlindən alaraq nömrəsini sındırdım. Xanımı döydükdən sonra işə qayıtdım. Bundan təxminən saat yarım sonra evə gələndə gördüm ki, Xanım uşaqları götürüb bibisigilə gedib. Barışmaqda kömək göstərmələri məqsədilə qayınanamla danışanda o, Xanımın məndən “102”yə şikayət etdiyini dedi. Buna inanmadım, qayınanamın məni qorxutmaq məqsədilə belə dediyini düşündüm. Xanımı evə gətirmədim ki, bir müddət bibisigildə qalıb sakitləşsin.
Sentyabrın 30-da səhər işə gedib növbətçi hissədən “Zəfər” modelli xidməti silahımı götürüb PPX avtomobili ilə xidmətə başladım. Xidmətdə olarkən Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı Füzuli Qurbanov zəng edərək məni şöbəyə dəvət etdi. Bu zaman başa düşdüm ki, Xanım məndən həqiqətən də “102”yə şikayət edib. Qayınanama zəng edib Xanıma zəng etməsini, bölmədən çağırılacağı halda çağırışa getməməsini dedim. O mənə gec olduğunu, Xanımın artıq bibisi ilə bölməyə getdiklərini dedi”.
24-cü PŞ-yə gedən İsmayıl Məmmədov şöbə rəisi tərəfindən qəbul olunub: “Mən Nizami rayonunda işlədiyimdən şəxsi heyətin hamısı məni tanıyırdı. Arvadımın şikayət etməsi, eləcə də şöbədə izahat verməyi utancverici bir hal kimi qəbul etmişdim. Təhqiqatçı Füzuli Qurbanovla birlikdə şöbə rəisi Seymur Qarayevin qəbulunda oldum. O mənə iradlarını bildirdi, bu hərəkətimə görə şöbə rəisindən üzr istədim.
Xanımdan üzr istəyərək barışıq əldə edəcəyimi və məsələnin böyüməyəcəyini düşünürdüm. Xanımla danışmaq istəyəndə mənə “artıq gecdir, get işinlə məşğul ol” dedi. Ondan bu cavabı gözləmirdim. Daha sonra Xanım Füzulinin iş otağına daxil oldu. Təxminən bir dəqiqə dəhlizdə dayandım. Artıq Xanımın bir daha uşaqlarla evə qayıtmayacağına əmin olmuşdum. Uşaqlarla görüşmək və yenidən ondan üzr istəmək məqsədilə otağa girdim.
Otağa daxil olan kimi övladlarımın hər ikisini öpüb Xanıma “Nəyə görə belə etdin?” dedim. Bu zaman Xanım heç nə eləmədiyini, hər şeyi mənim elədiyimi dedi. Əsəbiləşib xidməti tapançamı çıxartdım və ard-arda Xanıma doğru bir neçə dəfə atəş açdım. Atəşlərdən sonra o, yarım əyilmiş vəziyyətdə başı stolun üzərində qaldı.
Ani olaraq təhqiqatçı Füzuli Qurbanov silahı əlimdən alıb məni dəhlizə çıxardı. Konkret olaraq arvadıma neçə dəfə atəş açdığımı xatırlamıram. Törətdiyim əməldən peşmanam”.
Qeyd edək ki, hadisə 2021-ci il sentyabrında 30-da Nizami rayonundakı 24-cü polis şöbəsində baş verib. İ.Məmmədov azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq həyat yoldaşını qəsdən öldürüb.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki