“Rusiya rəhbərliyi imza atdığı sənədlərdə irəli gələn bəndlərə riayət etməsə, Rusiyanın regionda mövqeyi kifayət qədər zəifləyəcək”.
Bu sözləri Rusiyanın Qarbağla bağlı mövqeyini təhlil edən Milli Cəbhə Partiyasının (MCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Busaat.az-a açıqlamasında deyib.
Politoloq hesab edir ki, Rusiya Qarabağda yeni mərkəzlər yaradır və Putin sərəncamlar verməklə, burada humanitar məsələlərin həllinə çalışır:
“Diplomatik müstəvidə Kreml imza atdığı bəyannamədə irəli gələn məsələləri həll etməyə tələsmir. Bu bəyannamənin imzalanması Azərbaycan xalqının qarşısında, televiziyada canlı efirdə olub. Məhz xalqın qarşısında Putin imza atmaqla birbaşa prosesi müsbətə doğru aparacağı üzrə öhdəliklər götürdü. Azərbaycan ictimaiyyəti qarşısında Putin imza atdığı bəyannamədən irəli gələn öhdəlikləri yerinə yetirməsə, Rusiya Azərbaycan ictimaiyyəti qarşısında tamamilə hansı statusda olacaq o, dekabrın 1-dən sonra aydın olacaq. Rusiyanın Ermənistanda etimadı tükənib. Ermənilər Qarabağ məsələsində həm hakimiyyət, həm də siyasi -ictimai cameə Moskvaya artıq ümid etmir. Zamanla bu ölkədə anti-Rusiya isteriyası pik həddə çatacaq”.
Məhəmməd Əsədullazadəyə görə, Rusiya Qarabağ məsələsini beynəlxalq məsələyə çevirir:
“Rusiya Qarabağda avtonom bir idarəetmə yaratmaqda israrlı görünə bilər. Türkiyə ilə iki gün aparılan danışıqlar nəticəsiz olub. Rusiya təktərəfli prosesdə-sülhməramlı prosesdə olmaq istəyir. Çünki burada Türkiyə onu neytrallaşdıracaq. Bu isə Moskva üçün arzuolunan deyil. Ona görə də bəyannamədə göstərilən vaxtda Kəlbəcəri boşaltmamaq Moskvanın siyasətidir. Onsuz da Kəlbəcər, Laçın və Ağdamı boşaltmağa məcburdur. Rusiya rəhbərliyi imza atdığı sənədlərdə irəli gələn bəndlərə riayət etməsə, Rusiyanın regionda mövqeyi kifayət qədər zəifləyəcək. Türkiyə-Azərbaycanla ciddi konflikt yaşanacaq. Bu da Kreml üçün arzuolunan deyil.
Qarabağ məsələsində Moskva Türkiyə ilə ortaq məxrəcə gəlməsə, Rusiyaya yeni cəbhə açılacaq. Onun Suriya, Liviyada mövqeləri zəifləyəcək və ciddi itkilərə məruz qala bilər. Əgər Rusiya rəhbərliyi dekabrın 1-nə kimi praqmatik qərarlar alarsa, Türkiyə ilə ortaq məxrəcə gələrsə, bu Ankara -Moskva və Bakı oxunda yeni pozitiv bir mərhələyə gətirə bilər. Rusiya üçün də uğurlu seçim ola bilər. Amma tarix göstərir ki, Rusiya rəhbərliyi bəzən gözlənilməz gedişlər edərək, etimad mühitini zədələyir”.
Gülay