Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) ötürücülük qabiliyyəti 5 dəfə arta bilər.
Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev ölkənin Astana şəhərində keçirilən “Yeni İpək Yolu” Beynəlxalq Nəqliyyat və Logistika Forumunda bildirib.
“Yüklər bu dəhlizlə Çindən Avropaya 18 gün ərzində gedir. Bu, tərəflər arasında ən qısa yoldur”, – deyə o qeyd edib.
“Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu idarələri birgə müəssisə yaradıblar. Bu şirkət bütün marşrut boyu nəqliyyat operatoru kimi fəaliyyət göstərir. Biz növbəti 5 il üçün daşınma xərcləri müəyyənləşdirmişik. Bu amil yükdaşıyanları cəlb edir. Yəni, 5 il ərzində daşımaların qiyməti dəyişməyəcək”, – M. Karabayev əlavə edib.
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “Vahid pəncərə” prinsipi tətbiq olunur.
Avropa İttifaqı Orta Dəhlizi Trans-Avropa Nəqliyyat Şəbəkəsi ilə inteqrasiya baxımından ən perspektivli adlandırır. İlkin qiymətləndirmələrə görə, perspektivdə fasiləsiz tədarükü təmin etməsi üçün marşrutun inkişafına 18,5 milyard avro tələb olunacaq. Yatırımların əhəmiyyətli hissəsini Avropa İttifaqı öz üzərinə götürməyə hazırdır. İnvestisiyalar, o cümlədən dəmir yolu və avtomobil dəhlizlərinin bərpası və yenidən qurulması, limanların ötürücülük qabiliyyətinin artırılması və sərhədlərdə infrastrukturun inkişafı üçün lazımdır.