Qələm sahiblərinin imtahanı: gələcək jurnalistlər necə seçilir?

image-334backend

Xəbər verdiyimiz kimi, avqustun 4-də “Jurnalistika” ixtisasına qabiliyyət imtahanı keçiriləcək.

Busaat.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən bu imtahanda abituriyentlərə 3 inşa-yazı mövzüsü təqdim edilir, onlardan bu mövzu ətrafında yazı yazmaqları tələb olunur.

İmtahanın nəticələri isə xüsusi şkala və normativlərə uyğun olaraq aparılır. “Məqbul” nəticə əldə etmiş abituriyentlər sözükeçən ixtisasda təhsil almaq hüququ qazanırlar.

Bu imtahanın təşkil ediləcəyi ərəfədə maraqlı olan nüans isə bilik yoxlamasının keyfiyyəti və təşkili məsələsidir.

İmtahanlar nə dərəcədə effektiv təşkil edir? Sadəcə inşa yazmaqla bu ixtisasa tələbə qəbulunun aparılması doğrudurmu?

Rəşad Məcid: Qabiliyyət komissiyanın üzvlərinin hər biri təcrübəli jurnalistlərdir

Mövzu ilə bağlı Busaat.az-ın sorğusuna cavab verən Mətbuat Şurasının sədri, “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid bildirib ki, bu imtahanın keçirilməsi jurnalist ictimaiyyətinin tələbi ilə təşkil edilib:

“Mən pedaqoji fəaliyyət göstərdiyim dövrdə fikir verirdim ki, tələbələr arasında qabiliyyət imtahanı keçirilmir deyə onların əksəriyyəti bu ixtisası səbəbsiz yerə seçirdilər. Zamanla edilən müşahidələr jurnalistikanı xüsusi qabiliyyət tələb edən ixtisaslar siyahısına əlavə etmək zərurəti yaratdı”.

O, qabiliyyət imtahanının yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb:

“Biz Mətbuat Şurası olaraq Dövlət İmtahan Mərkəzi ilə birlikdə imtahanların təşkilində iştirak edirik. Şura tərəfindən yaradılan komissiya qabiliyyət imtahanlarının qiymətləndirilməsində iştirak edir. Komissiyanın üzvlərinin isə hər biri təcrübəli jurnalistlərdir”.

Məhz bu inşa-yazıların yaradıcılıq meyli olan gəncləri aşkar etməkdə müsbət rol oynadığını qeyd edən müsahibimiz qabiliyyət imtahanlarının keçirilməsini müsbət addım kimi qiymətləndirib.

Ceyhun Musaoğlu: Jurnalist təkcə yazmağı yox, yazdığını təqdim etməyi də bacarmalıdır

Mətbuat Şurasının İdarə heyətinin üzvü Ceyhun Musaoğlu da Bakıvaxtı.az-a açıqlamasında qabiliyyət imtahanlarının keçirilməsini məqsədəuyğun yenilik adlandırıb:

“Qabiliyyət imtahanlarının təşkili təqdirəlayiqdir. Burada sual ondan ibarətdir ki, abituriyentlər inşaları necə yazırlar? Mən qabiliyyət komissiyasının üzvü də olmuşam. Müşahidələrim onu göstərir ki, inşalar zəif səviyyədə olur. Jurnalisti yazı ilə tanımalıyıq. Çünki, bu sahə yazının üstündə qurulub”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, yazıların zəif olmasındakı problemlərin qaynağı orta məktəblərdə axtarılmalıdır:

“İnşalar necə yazılır” sualından sonra ortaya çıxan ikinci sual bu yazıların niyə zəif olması ilə bağlıdır. Düşünürəm ki, bu problemin günahkarı birbaşa orta təhsil sistemidir. Çünki, hazırda məktəblərdə yazmaq məsələsi tamamilə arxa plandadır. Ona görə də, indi “inşa-esse yazmaq” tendensiyası sıradan çıxıb”.

Müasir standartlardan danışan Ceyhun Musaoğlu jurnalistin xarakterik xüsusiyyətlərindən də söz açıb:

“Jurnalist təkcə yazmağı yox, yazdığını təqdim etməyi də bacarmalıdır. O, daha obyektiv, lakonik yazmağı bacarmalıdır. Yeni texnologiya bu gün sürəti tələb edir. Abituriyentlər bu xüsusiyyətləri özündə cəmləşdirməlidir, bu parametrlər yoxlanmalıdır. Tək inşa yazmaqla jurnalist olmaq mümkünsüzdür”.

Ələkbər Saleh: Bu imtahanlar bizim nəzəri biliklərimizin yoxlanması üçün vacib rol oynadı

Qabiliyyət imtahanlarında iştirak etmiş və sözügedən ixtisasda təhsil almaq haqqı qazanmış tələbələrin də bu mövzuda fikri dəyərləndirilməlidir.

Bu barədə fikirlərini Busaat.az-a bölüşən Bakı Dövlət Universitetinin builki məzunu, hal-hazırda Azərbaycan Televiziyasının əməkdaşı olan Ələkbər Saleh bildirib ki, keçirilən qabiliyyət imtahanları sözügedən ixtisasda təhsil alacaq şəxslər üçün önəmlidir:

“2020-ci ildə keçirilən qabiliyyət imtahanlarında iştirak edərək yüksək nəticə əldə etdim. Bu imtahanlar bizim nəzəri biliklərimizin yoxlanması üçün vacib rol oynadı. Düşünürəm ki, jurnalistika anlayışı tək qəzetlərdən, informasiya agentliklərindən ibarət deyil. Elə buna görə də, gələcək jurnalistika ixtisaslı tələbələrin televiziya, radio kimi sahələrə yönəldilməsi üçün qabiliyyət imtahanlarında bu sahələrə uyğun tapşırıqlar da əlavə olunmalıdır. Məsələn, düzgün diksiya qabiliyyəti kimi məsələlər nəzərdən keçirilməli və gələcəyin televiziya jurnalsitləri bir növ “kəşf” edilməlidir”.

Formalaşan fikirlər onu deməyə əsas verir ki, keçirilən qabiliyyət imtahanları dövrün tələblərinə daha da uyğunlaşdırılmaldıır.

Jurnalistə xas olan xüsusiyyətlərin müəyyənləşdirilməsi və bacarıqların daha dəqiq yoxlanması məqsədilə imtahan sistemində yeniliklərin edilməsi indiki halda daha lazımlı görünür.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki