Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) növbədənkənar konfransı keçirilib.
Busaat.az-ın məlumatına görə, növbədənkənar konfransda iştirakçılar son iki ildə təşkilatın fəaliyyəti, müsbət və mənfi nəticələr, mövcud problemləri müzakirə edib, nöqsanları səsləndiriblər. Bildirilib ki, Cəmiyyətin sədri Vüqar Oruc konfransda iştirakdan imtina etdiyi üçün səsləndirilən nöqsanlara cavab almaq mümkün olmayıb. Konfrans zamanı keçirilən seçki nəticəsində Ramil Osmanlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni sədri seçilib.
Eyni zamanda yeni tərkibdə Nüsrət İbrahimov, Rəşad Əliyev, Elnur Əsədov, Zamin Hüseynov, Nahid Həsənov, Ayan Qəmbərova, Pərviz Qulami, Xaliq Qurbanov, Səidə Şabanova, Şükür Hüseynov, Elçin Mahmudov və Fərid Hüseynov olmaqla, 13 nəfərdən ibarət İdarə Heyəti, Elnur Azadov, Günay İsmayılqızı, Vəfa Quliyeva, Emin Mədətov və Vasif Məmmədli olmaqla, 5 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib.
Bu seçkilərlə bağlı AQC sədri Vüqar Oruc Busaat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) bir neçə üzvü Cəmiyyət daxilində qruplaşma yaradaraq sədrin və müavinin razılığı olmadan, Nəzarət Təftiş Komissiyasının rəyi olmadan (AQC Nizamnaməsinin 6.13 bəndi), özbaşına qərar verərək qeyri-qanuni yolla iyulun 19-da növbədənkənar konfrans keçirib.
Onun sözlərinə görə, Nizamnaməyə uyğun olaraq son hesabat – seçki konfransı 2022-ci il may 20-də keçirilib və nəticələr Ədliyyə Nazirliyinə təqdim olunub. Həmin ilin iyun ayının 23-də nazirlik nəticələri təsdiqləyib. Həmin sənəddə AQC sədrinin səlahiyyət müddəti 2025-ci il may ayının 20-dək göstərilib:
“Sözügedən qrup Cəmiyyətin nizamnaməsinin tələbini pozaraq konfrans üçün tələb olunan 50 %+1 iştirakçı çoxluğuna nail olmayıb. İcra orqanının tərkibinin dəyişdirilməsi üçün üzvlərin 2/3 hissəsinin səsi tələb olunduğu halda 150 nəfər üzvü olan Cəmiyyətin cəmi 28 nəfəri ilə səsvermə keçirilib, 20 səs ilə sədr, 11 səs ilə müavinlər təyin edilərək legitimlik pozulub. Konfrans kimi cəmiyyətə sırınan tədbirdə iştirakçıların hamısına vəzifə verilib, bu cür şirnikləndirilib”.
Vüqar Oruc qeyd edib ki, AQC sədri, AQC sədrinin müavinləri, Nəzarət Təştiş Komissiyasının sədri, AQC sədrinin müşavirləri, departament rəhbərləri, AQC İcra Aparatı, AQC Direktorlar Şurasının 65 üzvündən 40 nəfəri qanunsuz prosesdə iştirak etməkdən imtina ediblər.
“Tədbirin keçirilməsi üçün AQC sədrinin razılığı olmadığı səbəbindən tanınmış iş mərkəzləri və otellər toplantı üçün yer verməyib, başqa təşkilat adına şəhər kənarında konfrans adına tədbir keçirilib”.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəsmi olaraq yeni sədri olduğunu iddia edən Ramil Osmanlı Busaat.az-a açıqlamasında bildirib ki, Vüqar Orucun keçirilən növbədənkənar seçkilərdən xəbəri var idi.
O bildirib ki, iyulun 1-də Vüqar Orucun iştirakı ilə idarə heyətinin yığıncağı olub. İdarə heyətinin 9 nəfərlik tərkibinin hər biri yığıncaqda iştirak edib. Yığıncaqda 2 nəfərin əleyhinə, 7 nəfərin lehinə səs çoxluğu ilə növbədənkənar konfransın keçirilməsi qərara alınıb:
“Vüqar Oruc əlindəki səlahiyyətlərdən istifadə edərək protokolu təqdim etməyib. İyulun 3-də keçirilən idarə heyətinin növbəti yığıncağına dəvət olunsa da, iştirak etməyib. Nəticədə ayın 3-də keçirilən konfransın iyulun 19-da keçirilməsi qərara alınıb. Daha sonra Təşkilat Komitəsi yaradılıb və öz işini həyata keçirib. Bununla bağlı bütün şirkətlərə və hüquqi şəxslərə bildirişlər göndərilib. İyulun 19-da keçirilən konfransda yeni idarə heyəti formalaşdırılıb. Vüqar Oruc əvvəl olduğu kimi, yenə də konfransın nəticələrini tanımayacağını bəyan edib”.
Ramil Osmanlı iddia edir ki, Vüqar Oruc AQC-nin ictimai fəaliyyətini keçmişdə keçdiyi siyasi fəaliyyətə uyğunlaşdırmağa çalışıb. Hazırda da bu fəaliyyətlə məşğuldur.
“Vüqar Oruc Cəmiyyətin 150 üzvünün olduğunu bildirib. Bu üzvlərdən cəmi 20-30 nəfər konfransda iştirak edib. AQC-nin heç vaxt 150 üzvü olmayıb. Vüqar Orucun sədr olduğu bir neçə ay bundan öncəki çıxışlarına baxsaq, Cəmiyyətdəki şirkətlərin sayının 50-ni keçdiyi və daha 2 şirkətin Cəmiyyətə üzv olduğu bildirilib. Bu gün isə AQC-nin 150 üzvünün olduğunu bəyan edir. Bu, spekulyasiyadır. Yalan informasiyaların verilməsinə və eyni zamanda idarə heyətinin səlahiyyətlərindən kənar ifadəyə görə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət normaları var. Çox güman ki, yaxın günlərdə müvafiq orqanlar bu məsələlərin araşdırılmasına başlayacaq. Bununla bağlı kütləvi informasiya vasitələri də məlumatlandırılacaq”.
Məsələ ilə bağlı vəkil Roman Qaraşov Busaat.az-a açıqlamasında bildirib ki, ümumilikdə Qeyri-hökumət təşkilatlarının və ya Cəmiyyətlərin idarə olunması məhz Mülki Məcəllə ilə tənzimlənir.
Vəkilin sözlərinə görə, Mülki qanunvericiliyə uyğun olaraq ən ali orqan Ümumi Yığıncaqdır.
“Əgər Ümumi Yığıncaq yığılıbsa və təsisçilərin müvafiq qərarları varsa, növbədənkənar seçkilər keçirilə bilər. AQC-nin Nizamnaməsində növbədənkənar seçkilərin keçirilməsinin hansı hallarda nəzərdə tutulması barədə məlumatlı deyiləm. Nizamnamədə növbədənkənar iclasların kimlər tərəfindən keçirilə biləcəyi və hansı formada təşkil olunacağı qeyd olunur. Həmçinin təsisçilərin bu məsələdə hansı mövqedə olması açıqlanır. Bu proseslərdən sonra son iclasın qərarı Ədliyyə Nazirliyinə təqdim olunur. Əgər sədr dəyişikliyinə ehtiyac varsa və müvafiq qərarla təsdiqini tapırsa, bu halda dəyişiklik baş tutur. Bu dəyişiklik səlahiyyət müddəti başa çatmadan da baş tuta bilər. Qeyd etdiyim bu prosedur təkcə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə aid deyil, ümumi Cəmiyyətlərlə bağlıdır”.