
Regional əhəmiyyətə malik olan əməkdaşlıq

Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Bundan başqa, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb.
Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib.
İki ölkə arasında münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqqında qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb.
Birmənalı şəkildə demək olar ki, iki ölkə arasında münasibətlərin qurulduğu bu illər ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişaf etdirilməsi sahələrində əməkdaşlıq özünün yüksək səviyyəsinə çatıb. Belə ki, Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və həmişə özünü etibarlı tərəfdaş kimi nümayiş etdirməkdədir.İki ölkə arasında humanitar və elmi-texniki sahədə əməkdaşlıq yüksək səviyyədə inkişaf etməkdədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər və qarşılıqlı səfərlər yeni-yeni əməkdaşlıq imkanları yaratmış, iki ölkənin mədəni və elmi ictimaiyyətinin bir-birini tanımasına və birgə layihələrin həyata keçirilməsinə kömək etmişdir. Eyni zamanda, hüquq-mühafizə, ədliyyə və digər dövlət qurumları arasında əməkdaşlıq əlaqələri qurulmuş, muxtəlif sazişlər imzalanmış və qarşılıqlı səfərlər təşkil edilmişdir.
Bir sözlə, Azərbaycanla Gürcüstan arasında hərtərəfli əlaqələr yüksək səviyyədə davam edir və bu, bir nümunədir. Sözügedən görüş də göstərir ki, iki qonşu ölkə arasında münasibətlər bundan sonra da bütün sahələr üzrə inkişaf edəcək və hər iki xalqın maraqlarının təmin olunması üçün daha yaxşı perspektivlər yaradacaq.
Aidə Məhərrəmova.ADPU.YAP üzvü.























