Rövşən Rzayevin qohumu şəhid bacısından 20 min alıb?

image-trend_rovshen_rzayev_040311backend

Birinci Qarabağ müharibəsi şəhidi İsaq Fərəcovun bacısı Təranə Fərəcova məcburi köçkünlər üçün tikilən binalardan ev əldə etmək istəsə də, dələduzluqla üzləşdiyini bildirir.

“Qafqazinfo”ya müraciət edən T.Fərəcova bildirib ki, o, uzun müddətdir tanıdığı Şahmar Əliyev tərəfindən aldadılıb. Qadının sözlərinə görə, özünü Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qohumu kimi təqdim edən Şahmar Təranə Fərəcovaya məcburi köçkünlər üçün tikilən binalardan ev verdirəcəyinə dair yalan vəd verib. Əvəzində ondan 20 min manat alıb. Nə ev məsələsi həll olunub, nə də pul geri qayıdıb.

Təranə Fərəcova aldadıldığını başa düşdükdən sonra polisə şikayət edib. Şahmar Vəliyev barəsində cinayət işi başlanılıb və o həbs edilib. İşə Yasamal Rayon Məhkəməsində baxılıb. Prosesin sonunda hakim Hüseyn Səfərov tərəfindən bəraət hökmü çıxarılıb və Şahmar Vəliyev məhkəmə zalından azadlığa buraxılıb.

Təranə Fərəcova deyir ki, Şahmar Əliyevi illərdir Rövşən Rzayevin bibisi oğlu kimi tanıyıb: “Bir dəfə bizdə söhbət edəndə bir ağdamlıya qaçqınlar üçün tikilən binadan ev alıb verdiyini dedi. Biz də istəyirdik ki, qardaşlarımın ailəsinə qaçqınlar üçün tikilən şəhərcikdə ev verilsin. Bununla bağlı rəsmi qurumlara müraciət etsək də, heç bir cavab verilmirdi. Mən də Şahmardan kömək istədim. Dedi ki, Rövşən müəllimlə danışıb, xəbər edəcəyəm. Yanımda bir nəfərə zəng etdi və həmin adama “Rövşən müəllim” deyə müraciət edib bizim məsələni danışdı. Sonra həmin adamla evində görüşəcəyini dedi. Bu vədlə məndən 20 min manat aldı. Sonra da “bu gün, sabah” deyə-deyə günü uzatdı. Sonra mən ondan pulu tələb etdim, dedim ki, yoxsa Rövşən Rzayevə müraciət edəcəyəm. Onda mənə dedi ki, məsələni Rövşən Rzayevlə yox, onun köməkçisi Rövşən Ələkbərovla danışıb. Hadisədən bir müddət sonra mən Rövşən Ələkbərovla görüşdüm. O da mənim yanımda Şahmarın əmisi Oqtay Əliyevə zəng etdi. Oqtay Əliyev də qonşumdur. Rövşən Ələkbərov ona tapşırdı ki, Şahmara deyin, camaatın pulunu versin.

Bundan sonra Şahmar demişdi ki, ondan polisə şikayət etməsək, 10 min manatı fevralın axırında qaytaracaq, qalan 10 mini də sonra verəcək. Bu dediklərinin səs yazısı da var. Sonra mən hüquq-mühafizə orqanlarına şikayət etdim, polis və prokurorluq istintaqı yekunlaşdırdı, Şahmar da həbs olundu. Amma məhkəmə ədalətsiz qərar çıxardı”.

Məhkəmə materiallarına əsasən, Ş.Əliyev məhkəmədə ifadə verərkən ittiham üzrə özünü qismən təqsirli bilib və törətdiyi əməli etiraf edib: “Təranəni 2003-cü ildən tanıyıram. Ailəvi yaxın münasibətlərimiz olub. 2021-ci ilin mayında məndən xahiş etdi ki, məcburi köçkünlər üçün tikilmiş binadan onun qohumuna mənzil almaqda kömək edim. Mən də razılıq verdim. Ertəsi gün onlara gedəndə dedilər ki, evi Təranənin bacısı Pərvanə alır. Ondan 7 min pul almışam. Pulları götürəndə sərxoş olmuşam. Hamısını şəxsi məqsədlərim üçün xərclədim. Sonra iş alınmayanda, gördülər ki, mən onlara “atmışam”, məni hədələdilər ki, səni polisə verəcəyik. Mən də şikayət etməmələri üçün artıq pul qaytaracağıma söz verdim. Məndən 20 min tələb etməyə başladılar. 7 mini qaytarmağa hazıram”.

Təranə Fərəcova isə bildirir ki, Şahmar Əliyev məhkəmədə yalan danışıb: “Deyirdi ki, şikayət etmə, məhkəmədə 7 min deyim, qalan 13 mini öz aramızda həll edək. Adam özü məni aldatdığını etiraf etdi. Bütün bunların səs yazısı məhkəməyə təqdim edildi. Prokuror Şahmar Əliyevə 3 il 6 ay həbs cəzası istədi. Amma hakim Hüseyn Səfərov ona bəraət verdi”.

Məhkəmə bu qənaətə gəlib ki, cinayət işi üzrə Şahmar Əliyevə verilmiş 7000 manat pul, ittiham aktı üzrə zərərçəkən kimi tanınmış Təranə Fərəcovaya məxsus olmayıb. Həmin pul şahid kimi göstərilən Pərvanə Fərəcovaya məxsusdur. Belə olduğu təqdirdə təqsirləndirilən şəxs zərərçəkən şəxs kimi göstərilən Təranə Fərəcovaya 7000 manat ziyan vurmayıb. Pərvanə Fərəcova isə iş üzrə zərərçəkən kimi tanınmadığından dəymiş ziyan ona vurulmuş sayılmır”.

Təranə Fərəcova yuxarı instansiya məhkəməsinə müraciət edərək hökmün ədalətsiz olduğunu vurğulayıb və ona dəymiş zərərin ödənilməsini tələb etdiyini bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90