“Rusiya icazə verməsə Azərbaycan qələbə qazanmazdı” yalanın İFŞASI – TƏHLİL

image-susa_377475backend

Yadınızdadırmı?

10 Noyabr, 2020-ci il tarixi idi. Azərbaycan, Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin, eləcədə Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli müqavilə imzalandı. Müqavilə ilə, Ermənistan kapitulyasiyaya razı oldu, işğal altında olan Kəlbəcər, Ağdam və Laçından qüvvələrini geri çəkdi və bu əraziləri Azərbaycana geri qaytardı. Xocalı, Xocavənd və Xankəndi rayonlarında isə, müvəqqəti olaraq (5 il müddətinə) Rusiya sülhməramlılarının asayişi qoruması razılaşdırıldı.

Həmin gündən etibarən, cəmiyyətdə bəzi məqsədli qruplar tərəfindən əsası qoyulmuş yanlış informasiya mübadiləsi başladıldı. Rusiyanın maraqlarının təmin edilməsinə xidmət edən həmin dezinformasiyalarda qeyd edilirdi ki, guya Azərbaycan tərəfi müharibədə qalib gəlmək üçün Rusiya ilə nələrisə razılaşdırıb.

Ən maraqlısı odur ki, bu informasiyaları doğrulayacaq heç bir rəsmi mənbə mövcud deyil. Heç Rusiya siyasətçiləri belə bu kimi iddialarla çıxış etməyib, nəinki Azərbaycan tərəfindən kimsə bu kimi yanlışları dilə gətirsin…

Əksinə, biz dəfələrlə Rusiya siyasi və ictimai şəxslərinin dilindən Azərbaycana qarşı təhdid və dezinformasiyalarla rastlaşmışıq. Hətta Bakının işğalı və Azərbaycanın bombardman edilməsi kimi sərsəm fikirlər həm müharibə vaxtı, həm də ondan sonrakı diplomatik qarşıdurmalar zamanı davamlı səsləndirilib…

Belə ikili münasibətlər konteksində Azərbaycanın qələbəsinə kölgə salmağı hədəfləyən fikirlərin səsləndirilməsi, əlbəttə ki, Moskva meyilli qüvvələrin informasiya müharibəsinin tərkib hissəsi idi. Bu iddiaların əsassız olduğunu elə Rusiya dövlətinin və Qarabağdakı sülhməramlı qüvvələrin anti-Azərbaycan addımları sübut edir:

-Rusiya tərəfi dəfələrlə Ermənistanın maraqlarını təmin edən addımlar atıb. Bu siyasi qərarlarla bərabər, İran ərazisindən Ermənistana silah qaçaqmalçılığının həyata keçirilməsini də əhatə edib. Qeyd edim ki, Rusiya Ermənistana silah satmaqla qalmayıb, bəzi hallarda ona silah hədiyyə edib ki, bu da Azərbaycana qarşı vuruşan, Azərbaycan torpaqlarını işğal edən təcavüzkar dövləti birbaşa dəstəkləməkdir. Həmçinin, Rusiya tərəfi həm müharibədən əvvəl, həm də müharibə gedişində bu kimi addımların atılmasını davam etdirib. Sülhməramlı missiyasında bölgədə sülhü təmin etməli olan Rusiya, bunun əksini etmiş, yəni müharibədən sonra da erməniləri silah-sursatla təmin etməyə davam etmişdir.

Sülhməramlı qüvvələr isə, toponimlərimizi erməniləşdirmiş, Qarabağda öz səlahiyyətlərinə aidiyyəti olmayan müxtəlif addımlar atmışdır. Bu addımlara Avropa ölkələri, İran, Rusiya və Ermənistandan müxtəlif rəsmi və ictimai şəxslərin bölgəyə qeyri-qanuni girişinə şərait yaratmaq, separatçıların silahlanmasına göz yunmaq, hətta onlara təlimlər keçmək daxildir. Qarabağda Rusiya Mədəniyyət Evlərinin təşkili, rus icmasının formalaşdırılması da təxribatların digər hissəsidir.

Bütün bu kimi anti-Azərbaycan addımları sübut edir ki, Rusiya müharibədə Azərbaycanın qələbəsindən yana olmayıb, ümumiyyətlə Moskva müharibədən yana olmayıb və hər vasitə ilə müharibənin baş tutmamasına çalışıb. Bölgədə təsirini qoruyub saxlamaq istəyən Moskva hər zaman Azərbaycanın suverenliyinin bərpasına əngəllər yaradıb, onun BMT-də qaldırdığı bir sıra məsələlərə qarşı çıxıb və həmişə erməniyönümlü siyasət izləyib. Qarabağ probleminin bitməsinin özünün bölgədəki təsir imkanlarını sıfıra endirəcəyini hesablayan Rusiya dövləti qərarlı şəkildə işğalın davam etməsindən yana olub və bu niyyətlərini müxtəlif adlarla pərdələyib. Əvvəllər bu pərdə “münaqişənin hərbi yolla həlli yoxdur, diplomatiyaya sadiq qalmalıyıq” kimi bəyanatlar və ATƏT çərçivəsində pozuculuq addımları idisə, bu gün bu pərdə öz məramını “sülhməramlı” adı ilə gizlətməkdir.

Ancaq görünən odur ki, bu pərdə də əvvəlki pərdələr kimi cırılmaq üzrədir və Rusiya gec-tez Azərbaycanın suverenliyinin bərpası ilə razılaşacaq.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki