“Ermənistan artıq Rusiya üçün etibarlı stratejik müttəfiq olma xarakterini sürətlə itirməkdədir”.
Bunu regionda güclənən Azərbaycanın Rusiya üçün əhəmiyyətli müttəfiq olmasından danışan politoloq Aydın Quliyev Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Rusiyanın istəyindən asılı olmayaraq, Cənubi Qafqazda geosiyasi müttəfiqlik dairəsi sürətlə dəyişməkdədir:
“Yəni Rusiya indiyə qədər Azərbaycana əhəmiyyətli tərəfdaş kimi baxmırdısa, artıq Azərbaycanın timsalında daha etibarlı stratejik müttəfiq görməyə başlayıb. Rusiya Ermənistanı indiyə qədər bölgədə özünün ən etibarlı müttəfiqi sayırdısa, son hadisələrdən lazımi nəticəni çıxarıb. Ermənilərə nə xalq olaraq, nə də dövlət olaraq sona qədər bel bağlamaq olar. Ermənistan balaca fürsət düşən kimi Rusiyanın çətirinin altından çıxıb qaçmağa hazırlaşır.
Rusiya Ermənistanı Azərbaycanın silahlı qüvvələrinin qarşısında daha ağır məğlubiyyətdən xilas edib. Buna baxmayaraq, Ermənistan yenə də bölgədə sülh və təhlükəsizlik mexanizmlərini dəyişdirməyə çalışır. Ermənistan bölgəyə KTMT-nin təhüləsizlik mexanizmlərini yox, Avropanın təhlükəsizlik mexanizmlərini gətirməkdə daha maraqlıdır. Rusiya Avropa Birliyinin missiyasının Ermənistana gəlməsinin qəti şəkildə əlehinədir. Putin, Lavrov, Zaxarova bu haqda dəfələrlə danışıb. Avropa Birliyinin missiyasının bölgəyə gətirilməsi açıq-aşkar bölgədə geosiyasi rəqabəti və mübarizəni qızışdırmaqdır. Rusiya ilə Avropanı hərbi cəhətdən qarşı-qarşıya qoymaqdır. Bunu da edən isə Ermənistandır”.
“Bu hallar qarşılığında Rusiyanın lazımi nəticəni çıxarmaması təəccüblü olardı. Ermənistan artıq Rusiya üçün etibarlı stratejik müttəfiq olma xarakterini sürətlə itirməkdədir. Açıq-aşkar Moskvanı Brüsselə dəyişir. Ona görə də Rusiya Cənubi Qafqazda müttəfiqlik rektorunu Azərbaycanın üzərinə dəyişməyə başlayıb. Rusiya indiki Ermənistan hakimiyyətindən əlini tamamilə üzüb və Ermənistanda hakimiyyətin dəyişdirilməsi üçün fürsət gözləyir. Vardanyanın uğursuzluqlarına baxmayaraq, ikinci dəfə Moskvadan Qarabağa qaytarıldı. Onu gələcəkdə Ermənistanda hakimiyyətə gətirmək Rusiyanın planıdır. Bir sözlə Paşinyanı yola salmaq üçün Rusiyanın ciddi planları var. Bu planların nə zaman işə salınacağı zamanın məsələsidir”, – politoloq qeyd edib.
Ələsgər/ Busaat.az