Rusiyada şaxtalı siklon 100 min nəfəri işıqsız qoydubackend

Rusiyanın Primorsk diyarında baş vermiş güclü siklon və şaxtalı yağış nəticəsində elektrik enerjisinin kəsilməsi yüz minə yaxın əhalinin işıqsız qalmasına səbəb olub.

Busaat.az  “NTV” telekanalına istinadən xəbər verir ki,  Vladivostok və Artyom şəhərlərində elektrik enerjisinin verilməsi dayanıb.

Primorsk diyarının rəhbəri Oleq Kojemyanko bölgənin təcili olaraq dizel generatorlarına ehtiyac olduğunu bildirib. Artıq səkkiz belə qurğunun bölgəyə çatdırıldığı qeyd olunub. İlk növbədə, Vladivostok xəstəxanalarına elektrik enerjisi veriləcək. Fəlakət səbəbi ilə bəziləri işıqsız qalıb, koronavirus epidemiyası zamanı xüsusilə ehtiyac duyulan kompüter tomoqrafları da daxil olmaqla tibbi avadanlıqlar söndürülüb. Kojemyanko qeyd edib ki, zərər görmüş bölgələrdə elektrik enerjisi təchizatı 25 noyabr tarixinə qədər tamamilə bərpa ediləcək.

Bundan əlavə, siklon səbəbi ilə Ruskiy adasına gedən körpünün buz bağladığı bildirilib. Nəticədə ada sakinlərinin materiklə əlaqəsi kəsilib. Yaxın gələcəkdə sakinlərə qaz balonları və içməli su çatdırılması planlaşıdırılır.

Qeyd edək ki, 19 noyabr gecəsi Primorsk diyarına çatan güclü siklon özü ilə şaxtalı külək və şiddətli qar yağışı gətirib. Nəticədə elektrik xətləri və dirəkləri dağılıb. Bölgədə hazırda fövqəladə vəziyyət elan olunub.