Sahibə Qafarova Vadaya Qarabağdan danışdı – FOTO

Sahibə Qafarova Vadaya Qarabağdan danışdı – FOTObackend

Oktyabrın 9-da Milli Məclisin Sədri Sahibə Qafarova Yaponiyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.

Milli Məclisdən Busaat.az-a bildirilib ki, qonağı salamlayan Milli Məclisin Sədri onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib. Yaponiyanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu bildirən Spiker hazırda ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdiyini qeyd edib. Xüsusilə, iqtisadiyyat və investisiya sahəsində geniş əlaqələrimizin olduğu məmnunluqla vurğulanıb.

Spiker Azərbaycanla Yaponiya arasında münasibətlərin inkişaf etdirilməsində ölkə parlamentlərinin rolunu xüsusi vurğulayıb. O, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının sıx münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında bəzi faktları Yaponiya səfirinin diqqətinə çatdıran Sahibə Qafarova ötən dövr ərzində münaqişəyə dair beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə məlumat verib. Sədr 1994-cü ildə atəşkəs sazişinin imzalanmasına baxmayaraq, Ermənistan tərəfinin bu sazişə və digər beynəlxalq öhdəliklərinə əməl etmədiyini, bu günə qədər də təxribatlarını davam etdirdiyini vurğulayıb. O bildirib ki, son zamanlar bu təxribatlar daha da artıb. Spikerin sözlərinə görə, Ermənistan silahlı qüvvələri iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatların ardınca, sentyabrın 27-də növbəti dəfə təmas xəttində yerləşən kəndlərimizə, hərbi mövqelərimizə hücum edib. Ermənistan yenə də mülki vətəndaşları hədəfə alır, Gəncə, Mingəçevir şəhərləri işğalçı ölkə tərəfindən raketlərdən atəşə tutulur. Sahibə Qafarova deyib ki, Ermənistanın intensiv raket atəşinə tutduğu şəhər və rayonlarımızda strateji nəqliyyat, enerji infrastrukturu yerləşir. Bu da Ermənistanın işğalçılıq siyasətinin bütün regionu hədələdiyini və digər region dövlətləri üçün də təhlükə mənbəyi olduğunu göstərir.

Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə Şanlı Ordumuzun həyata keçridiyi əks hücum əməliyyatları barədə də səfiri məlumatlandıran Spiker qeyd edib ki, dünyanın ən güclü orduları sırasında yer alan qüdrətli Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır, işğal altında olan bəzi ərazilərimiz artıq azad edilib. Milli Məclis Sədri vurğulayıb ki, Azərbaycan əsgərləri öz torpaqlarında döyüşür və bizim heç kəsin torpağında gözümüz yoxdur. Azərbaycan xalqı öz torpaqlarının azad olunmasını istəyir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki