Sahibkarlıq inkişaf edir

image-photo-2022-07-27-16-16-22-5backend

Sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir.

Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmişdir. Bu strateji xəttin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Sahibkarlığa dövlət maliyyə köməkliyi mexanizmi yaradılmış, bu mənbə kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin mühüm real mənbəyi kimi çıxış edir.

Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilməkdədir.

2008-ci il 1 yanvar tarixindən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməyə başlanılmışdır. “Bir pəncərə” sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama proseduraları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 3 günə endirilmişdir. Bu sistemin tətbiqindən sonra qeydiyyatdan keçən hüquqi şəxslərin sayı xeyli artmışdır.

2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edilmişdir. Fond ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

Dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb. Güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6%-dən 5%-ə endirilmişdir.

Sahibkarlıq sahəsində hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə indiyədək bir çox qanunlar qəbul olunmuşdur. Sahibkarlığın inkişafına töhfə verən belə qanunlardan biri də 2013-cü ilin 2 iyul tarixində qəbul olunmuş

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunudur.

Hal-hazırda ölkədə sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri sistemli və ardıcıl olaraq davam etdirilir. Özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilir, bu sahənin inkişafı üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müasir çağırışlara cavab verən mexanizmlər tətbiq edilir. Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayı son 17 il ərzində 5 dəfə artıb, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 85 faizi, məşğulluqda payı isə 76 faizi ötüb.

                                                       Talıbzadə Fatimə. YAP üzvü

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki