Bakıda məşhur “Beerlin Pub”da müştərini döyərək öldürməkdə təqsirləndirilən mühafizəçi Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Busaat.az qafqazinfo-ya istinadən xəbər verir ki, prosesdə ölən müştəri Vüqar Mustafayevin qardaşı Fərid Mustafazadə ifadə verib.
O bildirib ki, hadisə günü ona gələn zəng vasitəsilə qardaşının koma vəziyyətində olduğunu öyrənib: “Vüqarı əvvəlcə özəl klinikaya apardıq, amma qəbul etmədilər. Ordan 3 saylı xəstəxanaya getdik. 2-3 dəqiqə yanında oldum, bədəni göyərmişdi. Həkim dedi ki, Vüqar beyin ölümü keçirib, ürək döyüntüsü müvəqqətidir. Sadəcə yaxınlarının vidalaşması üçün süni nəfəs aparatına qoşmuşuq. Mən vəziyyətlə barışmadım və bir neçə klinika ilə əlaqə saxladım. Gəlib baxdılar, dedilər ki, 1 faiz də ümid yoxdur.
Əvvəlcə mənə dedilər yıxılıb, sonra dedilər hündürlükdən yıxılıb. Hadisə vaxtı onun yanında olan dostu Valehlə görüşdüm. Onun da üzündə görünəcək zədələr var idi. Dedi ilk dəfə getdiyimiz yer deyil. Orxanın ailə üzvləri 40 mərasimində gəldi, üzrxahlıq etdilər. Dedik yasdan sonra gələrsiz, oturub danışarıq. Amma gələn olmadı. Qarşı tərəflə barışıq haqda düşünmürük”.
Daha sonra hadisə vaxtı mərhumun yanında olmuş dostu Valeh Mustafayev ifadə verib. O, “Beerlin Pub”a gəlməzdən öncə hərəyə 100 qram konyak içdiklərini deyib: “Yanımızdakı dostumuz corab geyinməmişdi. “Bosonojka”da idi deyə ayağı görünürdü. Buna görə bizi paba buraxmadılar. Qayıdıb maşında corabımı ona verdim. Mən ayaqqabımı corabsız geyindim. Məndə qapalı ayaqqabı idi deyə ayağım görünmürdü. Bu dəfə də dedilər, “xanımsız gəlmisiz, olmaz”. Mən Orxana dedim ki, “normal səbəb deyin”. O yenə də bizi buraxmadı. “Riyad” mühafizə şirkətinin rəhbərini tanıyırdım. Ona zəng elədim ki, tapşırsın, bizi buraxsınlar. Amma xeyri olmadı. Sonra Orxana dedim ki, “səni bura qoymayıblar, kimisə vurasan”. Bu sözdən sonra mənə yumruqlar dəydi. Çıxdım, tez 102-yə zəng etdim. O biri dostum dedi ki, Vüqar yıxılıb. Təcili yardıma nə qədər zəng etsəm də, düşə bilmədim. Onda artıq mühafizəçilər ortalıqda yox idi. Restoran rəhbərliyindən heç kim yaxınlaşmadı. Vüqarı xəstəxanaya apardıq”.
“Beerlin Pub”ın administratoru Ramin Hidayətov mühafizəçiyə Vüqarla Valehi içəri buraxmamaq barədə şəxsən göstəriş verdiyini deyib: “Mən restorana gələndə qapıda mübahisə gedirdi. Mühafizəçilərə dedim ki, sərxoş olduqlarına görə içəri buraxmayın. Amma bəhanə kimi ortaya atdıq ki, qızsız gəldikləri üçün içəri buraxmırıq. Hadisə ani baş verdi. Vüqar orda dedi ki, gedək başqa bir məkana, amma Valeh mübahisəni davam etdirdi. Dedi ki, burada oturacağıq, pulumuz var. Orxana “sən bıksan, səni vurarıq” kimi qıcıqlandırıcı sözlər dedilər. Mühafizə də ondan ötrüdür ki, qeyri-adekvat adamları içəri buraxmasın”.
Mərhumun qardaşı müdaxilə edərək, administratoru yalan danışmaqda ittiham edib. O deyib ki, Vüqargilin rezerv etdiyi masanı başqa müştəriyə verdikləri üçün onları bəhanə tapıb pabdan uzaqlaşdırmaq istəyiblər.
Proses fevralın 9-da davam edəcək.
Qeyd edək ki, Orxan Şahbazov ötən il avqustun 29-da “pub”a gələn müştəri Vüqar Mustafayevi başından vuraraq ölümünə səbəb olmaqda təqsirli bilinir. Hazırda onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O.Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib və sosial şəbəkələrdə tanınan şəxs olub. Bundan başqa, Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi işləyib. Qətlə yetirilən Vüqar Mustafayev isə uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib.